Azərbaycan hökuməti Almaniyada gülüş hədəfi olub

Rəsul Cəfərov: «Almaniyanın əleyhinə aparılan kampaniyadan qətiyyən narahat deyillər»

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin aprelin 16-dan 19-na kimi Almaniyada keçirdikləri görüşlərdə ölkəmizdə insan hüquq və azadlıqlarının durumunun müzakirə olunduğu barədə məlumat vermişdik. Görüş iştirakçılarından “Insan Hüquqları” Klubunun rəhbəri Rəsul Cəfərovun sözlərinə görə, səfərin məqsədi Azərbaycanda insan haqlarının vəziyyətini diqqətə çatdırmaq və bu sahədə beynəlxalq birliklərin dəstəyini qazanmaq idi: “Almaniyada müxtəlif siyasətçilərlə, ayrı-ayrı qurumların rəhbər şəxsləri ilə, o cümlədən də parlamentdə qərarların qəbulunda iştirak edən səlahiyyətli şəxslərlə görüşdük.
Əsas müzakirə mövzusu Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti idi. ”Demokratiya naminə oxu” kampaniyası ilə də bağlı fikir mübadiləsi aparıldı. Qarşı tərəfdən bu kampaniyaya dəstək ifadə olundu. Bildirildi ki, Almaniya rəsmi qaydada nəinki Azərbaycanda, ümumiyyətlə demokratiyanın axsadığı bütün ölkələrdə demokrtiyanın inkişafını dəstəkləyir və bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcək. Azərbaycandan gedən nümayəndə heyəti Avropa Şurasının və digər Avropa institutlarının Azərbaycana sanksiyalar tətbiq etməsi ilə bağlı da təklifləri oldu. Bu təkliflər görüşdüyümüz bütün şəxslər tərəfindən birmənalı qarşılanmadı. Yəni heç də hamı sanksiyalara real baxmırdı. Müzakirə obyektlərindən biri də konkret şəxslərə qarşı sanksiyalar idi. Ayın 17-də çox yaxşı mətbuat konfransı keçirdik. Orada çıxışçılar mən, politoloq Leyla Əliyeva və Almaniya insan haqları komissarı Markus Löninq idi. Biz bəyanatlarla çıxış etdik, Azərbaycandakı vəziyyəti izah etməyə çalışdıq. Snra alman jurnalistlərinin suallarını cavablandırdıq”.
R.Cəfərov deyir ki, maraqlı məqamlardan biri də tədbirdə “AzərTac”ın müxbirinin iştirak etməsi idi: “Vüqar Seyidov adlı həmin müxbir sual verdi ki, siz hər dəfə bura gəlib eyni məsələləri qaldırırsız. Bəs, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı nə edirsiz? Bu suala cavab olaraq bildirdik ki, biz insan haqlarının müzakirəsinin qaçqın və köçkünlərə və ya bu kateqoriyaya aid olmayan şəxslərə bölünməsinin tərəfdarı deyilik. O cümlədən QHT-lər, vətəndaş cəmiyyəti institutları olaraq münaqişənin sülh yolu ilə həll olunması üçün müəyyən işlər görür, layihələr icra edirik. Ən əsası isə bu gün Azərbaycan hökumətinin repressiyalarına məruz qalan şəxslər arasında kifayət qədər bu kateqoriyaya aid insanlar var”.
R.Cəfərov bildirir ki, səfər zamanı Azərbaycan hökumətinin Almaniyaya qarşı antitəbliğat kampaniyasına da toxunulub: “Mən mətbuat konfransındakı çıxışımı da onunla bitirdim ki, bizim səsimizi eşitmək əvəzinə özümüzə qarşı, bizimlə eyni mövqedən çıxış edən Avropa ölkələri və mətbuatına qarşı da ”qara piar” aparırlar. Mən bu kampaniyanın dövlət televiziyası, hakimiyyətin nəzarətində olan qəzetlər və bəzi rəsmi şəxslər səviyyəsində aparıldığını bildirdim. Onların bir qismi bundan xəbərdar idi. Bir qismi isə ilk dəfə bizdən eşitdilər. Əlavə dəqiqləşdirmələr aparıdılar ki, bu kampaniya hansı proqramlarda aparılır. Almaniyanın rəsmi şəxslərinin bundan xəbəri var idi. Onlar Azərbaycan hökumətinin bu mövqeyini əsasız hesab edirlər. Bildirirlər ki, apardıqları iş hansısa hökumətə və ya konkret şəxsə yönəlməyib. Buna, ölkədə demokratiya və insan haqlarının bərqərar olmasına hesablanmış iş kimi baxırlar. Onu da bildirdilər ki, Azərbaycan hökumətinin apardığı kampaniyadan qətiyyən narahat deyillər. Əksinə bir çoxları bunu gülüşlə qarşıladı”.