«2 aprel məhbusları» mayda azadlığa çıxa bilər

Novella Cəfəroğlu: «Ya məhkəmə, ya da başqa yolla onları azad edəcəklər»

“Avroviziya” yarışması ərəfəsində növbəti əfv fərmanının imzalanacağı və vicdan məhbuslarının da azad edilə biləcəyi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Son əfv fərmanında da vicdan məhbuslarının azad ediləcəyi gözlənilirdi. Lakin bir-iki nəfər çıxmaq şərti ilə bu baş vermədi. Hətta əfv ərizəsi yazanların da müraciətinə müsbət cavab verilmədi. Hətta o zaman onların gec müraciət etdikləri və növbəti əfv fərmanına qədər bu müraciətlərə baxılaraq müsbət cavab veriləcəyi də bildirildi.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da mətbuata açıqlamasında may ayında əfv fərmanının imzalanacağını və “2 aprel işi” üzrə cəza çəkən siyasi partiya fəallarının da azad ediləcəyini deyib. Novella Cəfəroğlunun sözlərinə görə,  bu ilin may ayının ortalarında siyasi məhbusların azadlığa buraxılacağı ehtimalı böyükdür. Gələn ayın ortaları üçün siyasi məhbusların həbsxanadan azad ediləcəyini gözlədiklərini deyən hüquq müdafiəçisi siyahıya kimlərin düşücəyi barədə məlumatsız olduğunu da vurğulayıb. Hüquq müdafiəçisində bu əminlik hardandır?
Qəzetimizə verdiyi açıqlamada N.Cəfəroğlu əfv fərmanının olub-olmayacağına dair məlumatının olmadığını bildirdi. Lakin düşünürk ki, may ayında “2 aprel məhbuslarının” azad ediləcəyi ehtimalı böyükdür. Hüquq müdafiəçisi bununla bağlı məlumat əldə etdiklərini də vurğuladı: “Əfv fərmanının olacağını deməmişəm. Demişəm ki, 2 apreldə tutulan uşaqların mayın ortasına qədər buraxılma ehtimalı var. Ya məhkəmə, ya da başqa yolla onları yüz faiz azad edəcəklər. Bu barədə məlumatımız var. Bəzən istəklərimizlə reallıq üst-üstə düşmür. Ancaq bu dəfə istəyirik bu məlumat düz çıxsın”.

Fizzə