“RoyalBank”dakı həbslər İlqar Əliyevin artıq ailənin üzvü sayılmadığını göstərir
Bir neçə gün əvvəl Respublika Prokurorluğu “RoyalBank”la bağlı cinayəti işi barədə məlumat yaydı. Məlumatda bildirilirdi ki, “RoyalBank” ASC-nin Xəzər filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Istintaqla müəyyən edilib ki, Rinad Məmmədov “RoyalBank” ASC-nin Xəzər filialının müdiri vəzifəsində işləyərkən filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri ilə qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə bankın kompüter sisteminə yalan məlumatlar daxil edərək Bakı şəhər sakinləri Cəmilə Əliyeva, Nailə Paşayeva və qeyrilərinin, ümumilikdə 92 şəxsin adına saxta kreditlər rəsmiləşdirməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıblar.
Bundan başqa, Rinad Məmmədov taladığı pulun 163 min 338 manatını Abşeron rayonu, Qobu qəsəbəsində əldə etdiyi 0,1 ha torpaq sahəsində inşaat materiallarının istehsalı sexi, inzibati bina və sair tikililərin inşasına və təsis etdiyi “Caspian-017 Production” MMC-nin adından kafel-metlax yapışdırıcısının istehsalına sərf edərək cinayət yolu ilə əldə etmiş olduğu külli miqdarda pul vəsaitləri leqallaşdırışdırılıb.
Adı çəkilən şəxslərə müvafiq maddələrlə ittiham olunub. 14 aprel 2012-ci ildə tarixdə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, “RoyalBank” Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsusdur. Bir müddət əvvəl Ilqar Əliyevin nəzarətində olan biznes obyektlərinin çökdürülməsinə start verilmişdi və bu proses hələ də davam edir. Konkret olaraq dərman biznesi onun əlindən alınıb. Uzun illər bu sahədə monopolist olan Ilqar Əliyevə məxsus “Riad” firmasının hökmranlığına son qoyulub. Indi dərman sahəsi Paşayevlərin nəzarətindədir. Bundan başqa onun marşrut xəttlərinin əlindən alındığı barədə məlumatlar dolaşır. Indisə “RoyalBank”ın bir neçə işçisi həbs edilib. Bütün bunlar göstərir ki, artıq Ilqar Əliyev və onun ətrafı ümumiyyətlə ailədən sayılmır və toxunulmazlıq statuslarını itiriblər.
Hikmət