Parlamentdə partiyaların dövlətdən maliyyələşməsi barədə danışan Fazil Mustafa AXCP-yə böhtan atıb. O, ancaq AXCP-yə pul ayrılmasına qarşı çıxıb. Əsaslandırması da belə olub ki, onsuz da AXCP “Azadlıq” qəzetinə dövlətdən ayrılan pulu götürür.
Fazil Qəzənfəroğlu siyasi əqidəsini, müdafiə etdiyi dəyəri alver predmeti edən biridir. O, zəngin siyasi irsini bir mandata barter edib. Bunun üçün özünün nəfəsi çatıb gedə bilmədiyi yolu gedənləri şərləməsi başa düşüləndir.
Alverçi deputata bu yaxınlarda ancaq Dubaydan qızıl gətirib satmaq barədə lüft edildiyi haqda xəbər almışam. Bizim dünyaya baxışımız fərqli olduğundan mən Ramiz Mehdiyevin deputatı haqqında xəbislik etməyəcəm. Əksinə, ona yenicə girişdiyi qızıl alverində uğur arzulayıram.
Ümid edirəm, qızılın dünya bazarında nisbətən qiymətdən düşməsi Fazil müəllimin biznesini əsaslı dərəcədə sarsıtmayacaq.
Bazar olsun, Fazil müəllim, siyasi “bankrotsunuz”, o gözəgörünməz qüvvələr və Ramiz müəllim sizi iqtisadi iflasa da məhkum etməsin.
Özün yaxşısansa, ətrafın pis olmaz
Qızıl ən qiymətli metal sayılır. O, elektrik keçiriciliyinə görə də bütün metalları önləyir. Icazənizlə bir balaca kimyaya (fizika da ola bilər) dalım və fikrimi bu elm vasitəsi ilə uzlaşdırım. Bizdə tez-tez işlənən belə bir fikir var, ən çox Ilham Əliyev barədə deyilir: “özü yaxşıdır ətrafı pis”.
Siz sadə formada atomun quruluşuna bələdsinizsə, söhbətimiz mürəkkəb olmayacaq. Atom bir kompleksdir, nüvə və onun ətrafı (yəni elektronlar). Düşünün ki, siz bir nüvə, elektornlar isə ətrafınızdır. Elektron atomun təbiətinə təsir göstərən ən ciddi faktorlardandır. Məsələn, qızılın 79 elektronu var, o bir elektron itirsə, qara qəpik qədər dəyərsiz bir şeyə çeviriləcək. Eləcə də 56 elektronlu dəmir atomu. Cəmi bir elektronu almaq və ya vermək atomun mahiyyətini tamamilə dəyişir. Bu baxımdan, mən elmin şahidliyinə söykənərək iddia edirəm; özün necəsənsə, ətrafın da o cürdür. Hər kəsin ətrafı öz mahiyyətinə uyğundur.
Bu abzasda da xeyirxahlıq nümayiş etdirərək, qızıl barədə yazmağa fürsət verdiyi üçün Fazil Mustafaya biznesində uğur diləyirəm.
Dünyanın maliyyələşdirdiyi adam – Əli Kərimli
Bu yerdə mən Fazil Mustafa və onun siam ekizi yapçıların son günlər Əli Kərimliyə olan nifrətində bir səbəb də tapmışam. Onlar düşünür ki, siyasi səbat bir yana, onlar ən böyük üstünlükləri, maddi imkan baxımından da Əli Kərimlidən geridə qalırlar. Onlara görə Əli Kərimlini bütün dünya maliyyələşdirir.
Mən Əli Kərimliyə qibtə edirəm.
“Yeni Azərbaycan” qəzetinin yazmasına görə, Almaniyada sağlı-sollu bütün təşkilatlar, eləcə də Ingiltərənin təşkilatları onu maliyyələşdirir. Keçən il də bu vaxt yazmışdılar ki Əli Kərimlini ekstremist islamçılardan tutmuş, ən liberal islamçı sektalara qədər maliyyələşdirir.
Əli Kərimlinin siyasi bacarığına bax… Bu dünyanın da, o dünyanın da adamları Əli Kərimliyə simpatiya bəsləyir.
Hökumət dairələrinin izahına görə, bu pulları Əli Kərimliyə Ilham Əliyevin analoqsuz siyasətini sarsıtmaq üçün verirlər.
Bəs deyirdiniz Əli Kərimlini qohumlarından başqa tanıyan yoxdur. Noooldu?
Sən demə, onu uzaq, qərib ellərdə də tanıyırmışlar. Özü də güclü şəxs kimi. Razılaşın ki, heç kim pulunu zəif adama verib iş tapşırmaz.

Satdığı qızıldır, amma özü pas tutmuş dəmir
•