Vicdan məhbuslarının məhkəməsi olacaq

Aprelin 24-27-də Şahin Həsənli və Sahib Kərimovun məhkəməsidir

Həbsdə saxlanan vicdan məhbusları AXCP Rəyasət Heyətinin üzvləri Şahin Həsənli və Sahib Kərimov gələn həftə növbəti dəfə məhkəmə qarşısında dayanacaqlar.
Şahin Həsənli barədə çıxarılan hökm qanunsuzdur
Şahin Həsənlinin “işinə” Ali Məhkəmədə baxılacaq. 24 aprel saat 10.30-da hakim Fərhad Kərimov “iş”dən verilən şikayət baradə qərar çıxaracaq. Şahin Həsənlinin vəkili Əlayif Həsənov “Azadlıq”a bildirib ki, onlar şikayətlərində iş üzrə icraatın dayandırılmasını və Şahin Həsənlinin azadlığa buraxılmasını göstəriblər: “Şahin Həsənliyə qarşı çıxarılan hökm ədalətsiz və qanunsuzdur. Aşağı məhkəmə instansiyaları ciddi araşdırma olmadan, siyasi sifarişlə hökm çıxarıb. Təkidlərimizə baxmayaraq, Şahin Həsənlinin ”cibindən çıxan” güllələr bizə göstərilmədi. Bu vəsatətimizi təmin etmədilər, bildirdilər ki, guya güllələrin üzərindəki xüsusi identifikasiya nömrələri silinib. Bu, mümkün deyil, sadəcə işi ört-basdır etmək üçün belə etdilər”.
Vəkil bildirir ki, o, Şahin Həsənlinin məhkəmədə iştirakında maraqlıdır, buna görə ayrıca teleqramla Ali Məhkəməyə müraciət edəcək.
Sahib Kərimov ikidə bir şərti ilə azadlıq istəyir
14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan və 2 il azadlıqdan məhrum edilən Sahib Kərimovun prosesi isə elə saxlanıldığı müəssisədə olacaq. 27 apreldə baş tutacaq məhkəmənin səbəbi Sahib Kərimovun vaxtında əvvəl azadlığa buraxılma tələbidir. Prosesdə Kərimovun vəkili olmayacaq, o, özü-özünü müdafiə edəcək.

Natiq