İlham Əliyev o alimi yenə təltif etdi

Macarıstan prezidentinin elmi oğurluğu üzə çıxdığı və ardınca bir siyasi mədəniyyət və vətəndaş ləyaqəti nümunəsi göstərərək həmən istefaya getdiyi bu günlərdə bizim məmləkətdə yenə olanlar oldu.
Sadiq oxucular xatırlayar, keçənlərdə Ilham Əliyevin elmi əsərinin plagiat olduğu Müəllif Hüquqları Agentliyində rəsmən təsdiqlənən Pedaqoji Universitetin pedaqoji fakültəsinin dekanı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü Fərrux Rüstəmovu “Tərəqqi” ordeni ilə təltif etdiyini üzə çıxarmış, bunun üzərinə bir yazı yazmışdım.
Sonra birini də…
Daha sonra birini də…
Bunu rejimin ölkədə hər cür oğurluğu rəsmi dövlət siyasətinə çevirməsinin təzahürü adlandırmışdım. Hər növ oğurluğa bizdə “yaşıl işıq” yandırıldığından, “Istər başqasının kitabından çırpışdır, istər başqasının cibindən, yetər ki, oğurla!” təfəkkürünün hökm sürməsindən bəhs etmişdim.
Və Əliyevçi Azərbaycanın əsas devizini açıqlamışdım: “Oğurlamırsansa, nə işin var, nə itin azıb bu ölkədə?”.
Sağ olsun, zati-aliləri o yazdıqlarımda nə qədər haqlı olduğumu bir daha ortaya qoydu. Üstəlik, zəhmətimi boşa çıxarmadı və…
Və srağagün imzaladığı fərmanla bu dəfə həmin Fərrux Rüstəmova “əməkdar elm xadimi” fəxri adı verdi.  
Iş ki, bu yerə gəldi, buradan açıq-açıq yazıram, qoy 2002-ci ildə çap olunan “Pedaqogika (yeni kurs)” adlı irihəcmli kitabının əslində rus alimi I.Podlasıyın “Pedaqoqika (novıy kurs)” (Moskva: “Vlados” nəşriyyatı, 2000) kitabından köçürmə olduğu rəsmən təsdini tapmış Fərrux Rüstəmov da içini fərah tutsun, onun plagiatlığından yaza-yaza ona bu ölkənin ən şanlı ordenlərini, medallarını qazandırmağa davam edəcəyəm.
Növbədə “Şöhrət” ordenidir.
Getdik e!
Belə çox gülməli – 1
BIR: Ölkədə siyasi monarxiyaya qarşı mübarizə apardıqlarını deyənlərin Yazıçılar Birliyində 24 ildir taxt qurmuş, ədəbi monarxiya yaratmış adamı müdafiə etməsi;
IKI: Ərdoğanın Səudiyyə Ərəbistanına gedib, qadınların avtomobil sürmək hüququnun belə olmadığı bu ölkədən Bəşər Əsədi insan haqlarına hörmət etməyə çağırması…
Vəsiyyət məsələsi
Bu günlərdə Türkiyənin məşhur ssenaristlərindən Meral Okay vəfat etdi. Ölümünün ardınca isə böyük bir utanc yaşandı.
Meral xanım ateist idi. Sağlığında meyidinin yandırılaraq külünün sulara axıdılmasını vəsiyyət etmişdi.
Amma yerinə yetirilmədi. Dinçi zehniyyət onun Islam şərtlərinə uyğun dəfnini istədi və buna nail oldu. Bu da azmış kimi, Türkiyənin dinçi qəzetləri, yazarları bir linç kampaniyası başlatdılar, ölmüş bir insana qəzet manşetlərindən, internetdən təhqirlər, hədyanlar yağdırıldı.
Bu baş verənlər Atatürkün layiq, çağdaşçı Türkiyəsinin gəldiyi nöqtə adına çox üzücüdür. Heyf.
Meral Okayın vəsiyyəti ilə bağlı yaşananlar mənə Qara Qarayevi xatırlatdı. Nəhəng bəstəkarımız vəsiyyətində doğulduğu Fatmayı kəndində basdırılmasını istəmişdi. Amma onu Fəxri Xiyabanda dəfn etdilər.
Yəqin ki, böyük bəstəkarın vəsiyyəti məhz Fəxri Xiyabanda dəfn ediləcəyini anlayıb bunun qarşısını almaq üçün idi. Onun kimi şəxsiyyətinə sayğılı birinin özündən əvvəl və sonra orada basdırılanlarla bir yerdə uyumaq istəməməsi təbii idi. Bu öz yerində.    
Mənim anlamadığım başqa şeydir: kim başqalarına insanların son arzuları ilə belə saymazyana davranmaq haqqı verib? Kimə nə dəxli var, kimin nə həddinədir, insan ölümündən sonra necə, harda dəfn olunmaq istəyir? Bu nə tərbiyəsizlikdir? Yerinə yetirilməyəcəksə, vəsiyyət nə üçündür o zaman?