Müdrikliyin təmas xətti – Bibiheybət

Pənah Hüseynə «ithaf» olunur
Vətən mənə oğul desə, nə dərdim
Mamır olub, qayasında bitərdim.
(Məmməd Araz)
“Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıb və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni o insanlar üçün ən məqbul və onlara yaraşan yeri (Bibiheybəti) seçibdir”
(Ilham Əliyev)

Bu ölkədə iki kateqoriya insanlar var; 1.”Hacıbala müdrikliyini” qəbul edən, təxminən 4-5 minə yaxın rüşvətxor məmurlar.
2.Bu müdrikliyə mazoxizm kim baxanlar, yəni kölə kimi yaşamaq istəməyənlər, Bibiheybət də, Qarabağ da daxil olmaqla Azərbaycanın hər qarışını, daşını, qayasını, qayanın üstündəki mamırı sevən, milyonlar, prezidentin təbirincə desək, “O INSANLAR”.
Ölkə başçısı sırağagün rəsmən bunu təsdiqlədi, “Hacıbala müdrikliyi”nə şübhə edən, “o insanlar” haqda danışdı, onlara  layiq olduğu məkanı göstərdi – BIBIHEYBƏT…  
Mən bunu məmnunluqla qarşılayıram, əvvəla, iqtidar etiraf etdi ki, müxalifət və onu dəstəkləyən xalq mövcuddur(!) və narazıdır, ikinci ən daha mühüm olanı isə, yuxarıdakı birinci kateqoriyaya aid insanların başında duran Ilham Əliyev özünün və komandasının Azərbaycana olan sevgisinin sərhədini açıqladı – BIBIHEYBƏTƏ QƏDƏR!
…Bu açıqlamanın səhərisi günü yağan leysan sübut etdi ki, iqtidarın Bakı sevgisi də blefdir, 1 saat aramsız yağan yağış Bakını iflic etdi, sovet dövründən qalma kanalizasiya yağış suları ilə doldu, üfunəti, çirkabı üzə çıxardı. Səbəb, Hacıbala müdrikliyi ilə ölkəni idarə edənlərin Almaniya Inkişaf Bankının, Bakı kanalizasiya sisteminin yenidən qurulması üçün ayırdığı milyonları mənimsəməsi ilə bağlıdır. Təxminən dörd-beş il əvvəl Bakı və ətraf qəsəbələrdə yol kənarına yığılmış iri qara boruların ətfında “qazıntı işləri” gedirdi, guya onları basdıracaqdılar, lakin heç bir iş görülmədi, boruları ora-bura daşıdılar(!) və 100 milyonlar ciblərə axdı.
Azərbaycan xalqına təbiətin rəhmi gəldi, yağış tez dayandı, təsəvvür edirsinzmi, sırağagünkü yağış 4-5 saat yağsaydı, nələr baş verə bilərdi?
Bundan əvvəl isə Bakıya və ölkəyə təxminən 8 santimetr qalınlığında qar yağdı. Ölkəndə həyat bir həftə durdu, amma “Hacıbala müdrikliyi” durmadı – “hər şeyin qaydasında” olduğunu bildirdi, iş o yerə gəlib çatdı ki, hətta saxta yolla seçilmiş deputatlar da bu cür ələ salınmağa dözmədilər, lakin onlara necə seçildiklərini xatırladanda, başladılar Hacıbala müəllimi tərifləməyə…
…Avropada çoxdan lənətlənib, tarixə gömülən bir dini cərəyan var – kalvinizm. Bu dini cərəyan Avropada, demək olar, tədris olunmur, gənc nəslin təlim-tərbiyəsinə mənfi təsir edə biləcəyindən ehtiyatlanırlar, düz də edirlər.   
Bu məzhəbin banisi Kalvin deyirdi ki, “allah əvvəlcədən insanları iki hissəyə bölmüşdür. Əgər bu həyatda insanın işləri yaxşı gedirsə, varlana bilirsə, deməli, o, ”seçilmiş adamdır”. Kim ziyana düşürsə, işləri uğursuz olursa, deməli, allah onu cəhənnəm əzabına layiq bilmişdir”.
Azərbaycan məktəblisinin, Kalvin ilə bu “səmimi tanışlığ”ının(?), gələcəkdə Kəmaləddin, Ziya, Bəylər əmilərinə “məhəbbət”ə hesablandığını, sezməmək qeyri-mümkündür.
Biz hazırda XVI əsr Ingiltərəsində “yaşayırıq”, yəni çəpərləmələr dövründə. Dəniz kənarı, münbit ərazilər, iri məmurlar (lordlar) tərəfindən çəpərlənib, məhkəmələr də 500 il bundan əvvəlki kimi hakim təbəqənin xeyrinə qərarlar çıxarır. Təxminən beş yüz il əvvəl də, ingilis lordları da narazıları, Norfolk deyilən bir mahalın ən ucqar kəndinə sıxışdırmışdı – “siz ora layiqsiniz, gedin nə istəyirsiniz orda edin, dənizkənarı və bərəkətli torpaqlar bizimdir” demişdilər.
…Bibiheybətə çox bənzəyən Norfolkdan, cavab çox çəkmədi – xalq qəhrəmanı Robert Kett başda olmaqla üsyan Ingiltərəni bürüdü. 10 mindən bir qədər artıq kəndli hərəkatı alovlanaraq, Ingiltərəni dəyişdi. Feodalizm quruluşu dağıldı. Ingiltərə yeni ictimai-siyasi formasiyaya qədəm qoydu.
Inanılmazdır, amma həqiqətdir, Ingiltərənin və Avropanın tarixində mühüm rol oynamış bu üsyan Azərbaycanda çoxdan tarix dərsliklərindən çıxarılıb.