“Həkim deyib ki, bu xəstəliyin təcridxana şəraitində müalicəsi mümkün deyil”
“Milli Təhlükəsizlik Nazirliyinin həkimi təsdiq edir ki, Elnur Seyidovun vəziyyəti ağırdır və təcridxana şəraitində müalicəsi mümkün deyil”. AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının müdir müavini Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyev “Media forum” saytına belə deyib.
Vəkilin sözlərinə görə, Elnur Seyidov təcridxanaya salındıqdan sonra səhhəti ağırlaşıb: “Bədəninin sol yarısında keyimə var. İki dəfə həkim çağırtdırıb. Həkim dərman verib və deyib ki, bu xəstəliyin təcridxana şəraitində müalicəsi mümkün deyil. Həmin dərmanın da bir xeyri yoxdur.
Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Milli Məclis “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun qəbul edib. Qanunda göstərilir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslər dövlət qayğısına möhtacdır. Hətta belə xəstələr hansısa qanun pozuntusunda günahkar sayılarlarsa da, məhkəmə onları azadlıqdan məhrumetmə deyil, başqa cəzaya məhkum etməlidir. Qanunda belə yazlısa da, Elnur Seyidovu təcridxanada saxlayırlar.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Bərpa İnstitutu rəyində göstərib ki, Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. O, Türkiyədə müalicə alıb. Oradan da rəy veriblər ki, Elnur bu xəstəlikdən əziyyət çəkir. Belə xəstələr ildə iki dəfə – yaz və payız aylarında müalicə almalıdır. Xəstə müalicə almasa, çox ciddi fəsadlar törənər. Onların reyestri aparılır və dövlət müalicələrinə kömək edir. Biz bütün bu rəyləri və qanunun mətnini istintaqa təqdim etmişik. Amma heç bir nəticəsi yoxdur. MTN-də deyirlər ki, bizim tibbi ekspertlərimiz var və ayrıca ekspertiza keçirilməli, rəy verilməlidir Bunu nə vaxt edəcəklərini isə demirlər. Elnurun MTN təcridxanasında saxlanılması çox təhlükəlidir”.
Fəxrəddin Mehdiyevin sözlərinə görə, iş üzrə heç bir istintaq getmir.
Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, nazirliyin təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.