Hökumət gələn il 3,5 milyard dollar tapmalıdır

rovshen agayevRövşən Ağayev

Maliyyə Nazirliyi ilk dəfədir ki, büdcə təqdimatında xərclərin xarici valyuta ilə ödənəcək həcmini açıqlayıb.
Məlumata görə 2017-ci ildə dövlət büdcəsindən 3 milyard 61 milyon dollar həcmində vəsait manat ekvivalentində xarici valyuta ilə xərclənəcək. İndiki məzənnə ilə bu təxminən 5 milyard manat edir. Bu o deməkdir ki, gələn büdcədən xərclənən hər 3 manatdan bir manatı üçün xarici valyutaya tələbat olacaq.
Əslində çox böyük vəsaitdir – hökumət təkcə dövlət büdcəsinin öhdəlikləri üçün 3 milyard dollardan çox valyutaya ehtiyac duyacaq. Əlavə olaraq, Neft Fondu vasitəsilə TANAP layihəsinin xərclərinə xarici valyuta lazım olacaq. Bu ikisi birlikdə 3.5 milyard dollardan çox olacaq.
Bu fakt onu göstərir ki, gələn il iqtisadiyyatın xarici valyutaya tələbatı yenə də yüksək olaraq qalacaq və bu manatın kövrək mövqedə qalmasını şərtləndirəcək.
Nəzərə alaq ki, gələn il icmal büdcənin valyuta ilə gəlirləri təxminən 8.9 milyard manat (Neft Fondunun gəlirləri +xarici neft şirkətlərinin büdcə öhdəlikləri) olacaq ki, bu hazırkı məzənnə ilə təxminən 5.4 milyard dollar edir.
Bu o deməkdir ki, icmal büdcə vasitəsilə il ərzində iqtisadiyyata inyeksiya edilən valyutanın 65%-i elə büdcənin öz xarici öhdəliklərinə yönəldiləcək. Yəni ən yaxşı halda hökumət kanalı ilə daxil olan 2 milyard dollar valyuta kütləsi iqtisadiyyatın hökumətdənkənar sektorlarının tələbatına gedəcək. Əsas problem odur ki, valyuta gəlirlərinin 90%-ə qədəri dövlət, cəmi 10%-i qeyri-dövlət sektorunun payına düşdüyü halda, idxalın cəmi 20%-i dövlət, 80%-i qeyri-dövlət sektorunun payına düşür. Yəni dövlət sektoru öz valyuta ehtiyaclarını tam ödəyir. Amma qeyri-dövlət sektoru heç 20%-ni ödəyə bilmir. Yaranan bu disbalansın nəticədi manatın mövqeyini zərbə altında qoyur.
İcmal büdcənin xarici öhdəliklərinə isə daxildir: büdcə vasitəsilə xarici borcların ödənməsi, hökumətin idxal mallarına tələbatının ödənməsi (ilk növbədə hərbi-təhlükəsizlik sisteminin), büdcə təşkilatlarının xarici xidmətlərə tələbatının ödənməsi (məs, xarici məslətçinin cəlbi, proqram təminatının hıayata keçirilməsi), xaricə ezamiyyələr və xaricdə rəsmi tədbirlərin təşkili, diplomatik korpusun saxlanması, beynəlxaql təşkilatlara üzvlük haqqı, SOCAR və Neft Fondunun xaricdəki layihələrinin maliyyələşdirilməsi və s. daxildir