QHT qanununa dəyişikliklər repressiv xarakter daşıyır
Azərbaycanda QHT-lər haqqında qanuna son dəyişikliklər repressiv xarakter daşıyır, beynəlxalq standartlara cavab vermir və vətəndaş cəmiyyətinin fəaliyyət şəraitini pisləşdirir.
Avropa Şurası Venesiya Komissiyasının ekspertlərinin bu gün Bakıda keçirilən seminarda təqdim etdikləri Azərbaycanın QHT-lər haqqında qanununa 2009-cu ilin iyununda qəbul edilmiş düzəlişlər haqqında rəyi belədir.
QHT-lərin qeydiyyatı ilə bağlı problemlər ekspertlərin böyük iradına səbəb olur. “Biznes subyektləri bir neçə gün ərzində qeydiyyatdan keçə bildikləri halda, QHT-lər ən yaxşı halda bir ayda qeydiyyata alınır. Bəzən qeydiyyat prosesi bir neçə il uzanır. Bəzi QHT-lər ümumiyyətlə dövlət qeydiyyatı ala bilmir”, deyə Avropa Şurasının eksperti Ceremi MakBrayd bildirib.
O, 2009-cu il düzəlişlərini məhdudlaşdırıcı adlandırıb.
Xüsusən, QHT-lərə siyasi və dini təbliğat aparmaq qadağan olunur. Lakin bu, müxtəlif təfsirlərə yol verən çox qeyri-müəyyən anlayışdır və buna görə QHT-lərin müxtəlif ictimai kampaniyalar keçirməsinə qadağa üçün istifadə oluna bilər.
Həmçinin, QHT-lərə dövlət təşkilatlarının və ictimai-siyasi və tarixi liderlərin adının verilməsini qadağan edən düzəliş də məhdudlaşdırıcıdır. İctimai fondların təsis edilməsi prosedurları və şərtləri, habelə QHT-lərin maliyyə hesabatlılığı ilə bağlı şərtlər sərtləşdirilib.
Venesiya Komissiyasının eksperti Veronika Bılkova Azərbaycanda xarici QHT-lərin fəaliyyəti ilə bağlı məhdudiyyətlərə diqqət çəkib.
Azərbaycanda işləmək istəyən xarici QHT-lər “milli-əxlaqi dəyərlərə hörmət etməli” və “siyasi və dini təbliğata cəlb olunmamalıdır”. Lakin bu anlayışların tərifi verilmir.
Bundan başqa, QHT-lərin fəaliyyət şərtlərinin irəli sürülməsi Azərbaycanın AŞ-ın üzvü kimi birləşmək azadlığına hörmət etmək, assosiasiyaların fəaliyyətinə müdaxilə etməmək öhdəliklərinə ziddir”, deyə ekspert qeyd edib.
Bu məhdudiyyətlər və 2011-ci ilin martında Nazirlər Kabinetinin verdiyi qərar ABŞ Milli Demokratik İnstitutunun və Norveç İnsan Hüquqları Evinin Azərbaycanda fəaliyyətinin dayandırılmasına səbəb olub
Ekspert rəyində həmçinin sözügedən məhdudiyyətlərin aradan qaldırılması haqqında tövsiyələr yer alır.
Lakin Azərbaycan hökuməti bu tövsiyələrə məhəl qoymayıb. Ədliyyə Nazirliyinin rəsmi cavabında tövsiyələrin “subyektiv xarakterli” olduğu və beynəlxalq ekspertlərin Azərbaycan qanunvericiliyinin müddəalarını yanlış təfsir etdiyi deyilir.
Bundan başqa, rəsmi qurumlar seminara da əhəmiyyət verməyiblər.