Hakimiyyət AB-nin tədbirini boykot etdi

Rolan Kobia: “Aİ nümayəndəliyi izahat gözləyəcək; rəsmi şəxslər seminara gəlməyiblər və dialoq baş tutmayıb”

“Seminarda iştirakdan imtina edən rəsmilər vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin əhəmiyyətindən danışan dövlət başçısının da göstərişinə məhəl qoymayıblar”

Azərbaycan hökuməti Bakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən təşkil edilmiş QHT sahəsində qanunvericiliyə dair seminarı boykot edib.
Aprelin 19-da keçirilən seminarda Aİ və AŞ Bakı missiyalarının rəhbərləri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər. Lakin hökumət nümayəndələri tədbirə əhəmiyyət verməyiblər, baxmayaraq ki, öncədən iştirakları təsdiqlənib.
Aİ-nin Bakıdakı missiyasının rəhbəri, səfir Rolan Kobia  bununla bağlı təəccübünü bildirib ki, qeyd edib ki, Aİ nümayəndəliyi izahat gözləyəcək. O, jurnalistlərlə söhbətində bildirib ki, tədbir əvvəldən planlaşdırılıb və hətta azərbaycanlı məmurların iş qrafikləri ilə əlaqədar vaxtı dəyişdirilib. Eyni zamanda o, seminarda iştirakla bağlı konkret müzakirənin aparıldığını açıqlamayıb.
Kobia xatırladıb ki, bu cür hal iki həftə əvvəl Aİ-nin genişlənmə üzrə komissarı Ştefan Fülenin Bakıya səfərindən sonra baş verib. O, rəsmi şəxslərlə görüşlərində Aİ-nin vətəndaş cəmiyyətinin inkişafına mühüm önəm verdiyini vurğulayıb. “Odur ki, biz bu tədbirə müsbət yanaşmanı görmək istəyərdik. Fikrimcə, seminarda iştirakdan imtina edən rəsmi şəxslər vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin böyük əhəmiyyətindən danışan dövlət başçısının da göstərişinə məhəl qoymayıblar”, – deyə Kobia qeyd edib.
Avropa Parlamentinin Azərbaycana dair son qətnaməsi ilə bağlı Bakının rəyini şərh edən Kobia Fülenin sözlərini təkrarlayaraq bildirib ki, Aİ ölkəni daha da çox dəstəkləməyə hazırdır, lakin ölkə də tərəfdaşlığa böyük səy göstərməlidir. “Təəssüf ki, mən bu müraciəti jurnalistlər vasitəsilə etməli oluram, çünki rəsmi şəxslər seminara gəlməyiblər və dialoq baş tutmayıb”, – deyə Kobia bildirib.
Məlumatlı mənbələrdən “Turan”a bəlli olub ki, Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin və digər qurumların nümayəndələri seminarda iştirakla bağlı razılıqlarını bildiriblər.