Redaktorlar Ramil Usubova müraciət etdi

Beynəlxalq təşkilatlar jurnalistlərə qarşı zorakılığa görə hökuməti tənqid atəşinə tutdular

«Idarəçilikdə özbaşınalıq və kriminal vasitələrdən istifadə ölkənin gələcəyini çox böyük təhlükə altına atır»

“Özümü çox narahat hiss edirəm. Ağrılarım dəhşətli əziyyət verir. Əsasən daxili orqanlarımda kəskin ağrılar var. Hətta bəzən dözə bilmirəm və həkimlər ağrıkəsici iynələr vurmasa, ağrıdan huşumu itirirəm”. Bunu, Sulutəpə qəsəbəsində uçurulan evləri çəkərkən Dövlət Neft Şirkətinin Təhlükəsizlik Idarəsinin əməkdaşları tərəfindən qəddarlıqla döyülən jurnalist Idrak Abbasov “Turan”a telefonla bildirib.
Jurnalist cəmi iki dəqiqə telefonla danışa bilib və danışıq zamanı kəskin ağrılardan əziyyət çəkdiyi hiss edilib.

Qardaşı Vaqif Abbasov bildirib ki, Idrak dünən axşam saatlarında özünə gəlib. Gecə və səhər iki dəfə vəziyyəti ağırlaşıb, həkimlərin səyi nəticəsində onu sakitləşdirmək mümkün olub.
Jurnalisti müalicə edən həkim Almazxan Zeynalov bildirib ki, I.Abbasovun vəziyyəti kafidir: “Sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində, o cümlədən bel və kürək nahiyələrində əziklər var. Jurnalist ətraflı müayinə olunub, müalicəsi davam etdirilir”.

Redaktorlar yeni qərarlar verdi

Dünən KIV rəhbərləri bir araya gələrək jurnalistlər Idrak Abbasov və Günay Musayevanın Sulutəpədə döyülməsini pisləyiblər. Toplantıda “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud, ABŞ səfirliyinin əməkdaşları Kis Bin və Mehdi Hüseynquliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Deyerler.org” portalının baş redaktoru Ilqar Ibrahimoğlu, QHT rəhbəri Pərviz Həşimli, jurnalistlər Ceyhun Musaoğlu, Rey Kərimoğlu və başqaları iştirak ediblər. Iclasda baş verən hadisə müzakirə olunub, jurnalistlərə fiziki xəsarət yetirənlərin cəzalandırılması tələbilə daxili işlər naziri Ramil Usubova müraciət qəbul olunub. Həmçinin bu kimi hallara son qoyulmasını təmin etmək üçün prezident Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və ombudsman Elmira Süleymanovaya da müraciət edilməsi qərara alınıb.

Toplantıda qeyd olunub ki, təşəbbüsü dəstəkləyən qəzetlərin 2-ci səhifəsində təzyiqə məruz qalan jurnalistlərin şəkilləri və onları döyən ARDNŞ mühafizəçilərinin cəzalandırılmasını tələb edən şüar yerləşdirilsin.

Kobia: “Jurnalistin döyülməsi mümkün olan şey deyil”

Avropa Birliyinin Bakıdakı missiyasının rəhbəri, səfir Rolan Kobia da I.Abbasovun döyülməsinə münasibət bildirib.
“Jurnalistin döyülməsi mümkün olan şey deyil. Bu, olmamalıdır” deyən Kobia əlavə edib ki, hazırda I.Abbasovun işi üzrə faktları yoxlayırlar. O, araşdırmanın yekunları ilə bağlı AB-nin xüsusi bəyanat qəbul etməsinin mümkünlüyünü istisna etməyib.

“Eurovision” ərəfəsində ölkədəki vəziyyətin Avropa KIV-də tənqidinə Azərbaycan hakimiyyətinin mənfi reaksiyasına toxunan Kobia qeyd edib ki, Avropa mətbuatı azaddır və hökumət tərəfindən nəzarət olunmur: “KIV-in marağının artması tamamilə qanunauyğundur, müsabiqə ərəfəsində curnalistlərdə müxtəlif suallar və müxtəlif aspektləri işıqlandırmaq marağı yaranır. ATƏT-in KIV üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və digər təşkilatların Idrak Abbasova təzyiqlərlə bağlı bəyanatları Qərb mətbuatı üçün şərait yaradır”. Kobia dolayısı ilə deyib ki, KIV-də belə tənqidlərin olmaması üçün buna bəhanə verməmək lazımdır”.  

Baş ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi, həmçinin “Amnesty International”, “Freedom House”, Idrak Abbasovu vəhşicəsinə döyənlərin və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib. Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, polis baş verənləri sakitcə müşahidə edib və I.Abbasovu,  Günay Musayevanı, Esmira Cavadovanı, Qalib Həsənovu və Elnur Məmmədovu müdafiə etməyib.

“Biz bu vəhşi hücumdan şoka düşmüşük”

“Biz öz işini yerinə yetirən Idraka və onun həmkarlarına vəhşicəsinə hücumdan şoka düşmüşük”. Bunu, JMK-nın nümayəndəsi Nina Oqnyanova bildirib: “Əgər hakimiyyət ”Eurovision” müsabiqəsinə beynəlxalq mətbuatı dəvət etmək istəyirsə, onda hücum faktını araşdırsın və göstərsin ki, jurnalistlərə qarşı kobudluq yolverilməzdir”.
“Hakimiyyət düşünür ki, ”Eurovision” ərəfəsində gözəl şəkilləri yaymaqla müsbət imic formalaşdırır. Lakin məlumdur ki, hakimiyyət ölkədə mənfi məqamların işıqlandırılması cəhdlərini açıq şəkildə boğur”. Bunu, “Amnesty International” təşkilatının nümayəndəsi Con Dalussen bildirib. O, Azərbaycan hökumətini mətbuat azadlığına hörmət etməyə çağırıb: “Eurovision” müsabiqəsinin təşkilatçısı – Avropa Yayım Birliyi jurnalistləri müdafiə etməlidir”.

Avropa Yayım Birliyinə çağırış

“Günün günorta çağı təhlükəsizlik xidmətinin Idraka hücum edərək döyməsi Azərbaycanda cəzasızlıq atmosferindən və jurnalistlərin hüquqlarının açıq şəkildə pozulmasından xəbər verir”. Bunu isə “Human Rights Watch” təşkilatının nümayəndəsi Hyu Vilyamson bildirib. O, Avropa Yayım Birliyini baş verənlərə öz münasibətini bildirməyə çağırıb.  
“Freedom House” isə öz bəyanatında qeyd edib ki, Azərbaycan jurnalistlərin işləməsi üçün ən pis yerlərdən biri olaraq qalır, burada müstəqil mətbuat daim təqib olunur. Idrakla  bağlı insident dü bu cür çoxsaylı hallardan biridir.

Hüquqşünaslar bəyanat verdi

“Aprelin 18-də jurnalistlər Idrak Abbasov və Günay Musayevanın Dövlət Neft Şirkətinin mühafizə xidməti əməkdaşları tərəfindən vəhşicəsinə döyülmələri faktının hər birimizdə hiddət doğurduğunu və peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı zorakılıq hallarını kəskin şəkildə pislədiyimizi bəyan edirik”. Bu fikirlər ölkənin tanınmış hüquqşünaslarının dünən yaydığı bəyanatdandır. Hüquqşünaslar son dövrlərdə baş verən zorakılıq hallarının heç birinin ədalətli araşdırılmamasından və onları törədənlərin məsuliyyətə cəlb olunmamasından narahatlıq ifadə ediblər:
“Əvvəllər insanları döyənlər əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları olurdusa, son dövrlərdə Nəqliyyat Nazirliyinin, Bakı Şəhər Icra Hakimiyyətinin, Neft Şirkətinin və digər dövlət qurumlarının əməkdaşları da zora əl atmaqdan çəkinmirlər. Buna adekvat reaksiya verməli olan prokurorluq və digər hakimiyyət qurumlarının, onların rəsmilərinin əksər hallarda bu cür zorakılığa bəraət qazandırması isə azad sözə düşmən kəsilənləri jurnalistlərə və digər vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı daha amansız rəftara təşviq edir. Biz ölkə rəhbərliyinin diqqətinə çatdırırıq ki, idarəçilikdə hüdudsuz özbaşınalıq və kriminal vasitələrdən istifadə ölkənin gələcəyini çox böyük təhlükə altına atır və bunun çox ağır fəsadları ola bilər. Biz hakimiyyəti zorakılıq olaylarını ciddi araşdırmağa, qanunsuzluq edənlərin ən sərt şəkildə cəzalandırılması üçün zəruri tədbirlər görməyə çağırırıq”. Bəyanatı Intiqam Əliyev, Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, Fuad Ağayev, Iradə Cavadova, Yalçın Imanov, Qurban Məmmədov, Rəşid Hacılı, Mirəli Hüseynov, Hafiz Həsənov, Namizəd Səfərov, Xalid Bağırov, Anar Qasımlı, Elçin Namazov, Elçin Sadıqov, Əlayıf Həsənov, Qaya Əliyev və Rəsul Cəfərov imzalayıb.
Dünən Aydınlar Partiyası da jurnalistlərə qarşı zorakılığı pisləyən bəyanat yayıb və günahkarların tapılaraq cəzalandırılmasını tələb edib.