Avtomobilin qarşısını kəsənlərdən bir qadın onun üstünə dırmaşıb prezidentin qarşısında oturdu
İran prezidenti Mahmud Əhmədinejadın ölkənin cənubundakı Bəndər-Abbas şəhərinə səfəri zamanı vətəndaş itaətsizliyi baş verib. Lent.az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, bununla bağlı internetdə 3 dəqiqəlik həvəskar çəkiliş də yerləşdirilib.
Həmin görüntülərdə ölkədəki iqtisadi durumun pisləşməsinə və qiymət artımına etiraz edənlərin dövlət başçısını mühasirəyə aldığı əks olunub. Əhmədinejad şəhərin küçələri ilə açıq lyuklu avtomobillə hərəkət etdiyi vaxt insanlar maşını əhatəyə alırlar. Onlar Ayətulla Xameneyinin portretlərini yelləyə-yelləyə kapotu döyəcləyərək nə isə qışqırırlar. Bir kişi isə deyir: “Mən acam, mən acam”. Əvvəlcə özünü itirən cangüdənlər sonradan onu maşının ətrafından uzaqlaşdıra bilirlər.
Lakin tezliklə avtomobilə bir qadın dırmaşır və damda oturduqdan sonra gur səslə prezidentə nəyisə izah etməyə çalışır. Əhmədinejadın düz qarşısında oturan qadın tezliklə maşından düşür.
Britaniya nəşri yazır ki, bu çarx ölkədə narazılıq həddini göstərir və İrana qarşı sərt sanksiyaların özünü göstərməyə başladığını təsdiqləyir.