Yaxud, «yazıklar» mənəmi olmalıdır, yoxsa öz mənfəətini Azərbaycanın mənfəətindən üstün tutanlaramı?
Öncə qeyd edim ki, hakimiyyətin illərdir yüz milyonlar mənimsəyərək özü üçün yaratmaq istədiyi diaspor barədə hər dəfə yazdıqca “diasporçular” nə qədər qəzəblənirsə, xaricdə yaşayan vicdanlı soydaşlarımız bir o qədər təşəkkür edirlər. Məhz bu səbəbdən mövzuyla bağlı deyəsən hələ bir müddət yazası olacağam.
Və bu silsilədən olan ötən yazımda yazmışdım ki, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Sahil Qasımov Amsterdamdakı “Azərbaycan məktəbi”ni maliyyələşdirməyə pul “tapmadığı” halda, Heydər Əliyevlə bağlı poçt markası sifariş etdirib. Bunun qarşılığında da sual etmişdim ki, indi deyin görək “diasporçulara” Heydər Əliyevmi əzizdir, yoxsa Azərbaycan? Sualın cavabını elə həmin köşənin şərh hissəsində Sahil Qasımovun müavini Elsevər Məmmədov verib. Hətta Məmmədov bir az irəli gedərək mənə “yazıklar olsun” deyib.
Mən isə deyirəm, cənab Məmmədov, o kəslərə “yazıklar olsun” ki, Azərbaycanın işğal olunmuş torpaqları barədə poçt markası, açıqca çap etdirməyin əvəzinə Heydər Əliyev Fondu üçün marka buraxdırırlar. Həm də o kəslərə “yazıklar olsun” ki, Xocalı və soyqırım hadisələrindən öz şəxsi mənfəətləri üçün yararlanırlar.
Cənab Məmmədov mənə həm də sual edir ki, 2012-ci ilin 31 mart tarixində hardaydım və niyə Haaqada Ermənistan səfirliyinin önündə keçirilən aksiyaya qatılmamışam. Bu suala cavab verərək bildirim ki, həmin gün evimdəydim və aksiyaya qatılmamaq qərarı vermişdim. Çünki bilirdim ki, 6-cı gün heç bir dövlət qurumu işləmədiyi halda Haaqadakı diplomatik şəhərcikdə ancaq mühafizəçilərin olduğu Ermənistan səfirliyinin önündə aksiya keçirmək siyasi konyunkturadır. Bununla bağlı üç gün öncə etirazımı bildirdikdə isə Niderland-Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri sayın Ilhan Aşkın sual etdi ki, aksiya barədə hardan xəbər tutmuşam, məni kim dəvət edib və sair. Belə anlaşıldı ki, 31 mart kimi soyqırım günüylə bağlı aksiya da artıq özəlləşdirilib və o, kimlərinsə manopoliyasındadır. Həm də bəlli oldu ki, bu aksiya 31 martla bağlı həqiqətləri Niderland ictimaiyyətinə çatdırmaq yox, sadəcə Azərbaycanda və Türkiyədə bəzi hökumət dairələrinə hesabat vermək üçün lazımdır. Indi mən sizdən soruşuram hörmətli Məmmədov, 6-cı gün heç kəsin olmadığı bir dar dalanda aksiya keçirməklə 31 mart barədə həqiqətləri kimə çatdırdınız? Bəllidir ki, belə aksiyaların məqsədi həm də yerli ictimaiyyətin diqqətini cəlb etmək, vərəqələr paylamaq, sənədlər yaymaq üçündür. Həmçinin Ermənistan səfirliyində çalışanlara da azərbaycanlıların 31 martı unutmağını göstərməyə hesablanır. Bunun qarşılığında şənbə günü səfirliyin boş binası önündə, kimsəsiz dalanda keçirdiyiniz aksiyanın anlamı nədir ki, orda iştirak etmədiyimə görə də məni ittiham edirsiniz? Halbuki məhz siz də şahidsiniz ki, burda normal və məntiqlə, səmimi olaraq keçirilən bütün aksiyalarda öndə olmuşam və lazım olsa, bununla bağlı bütün fotoları istənilən şəxsə təqdim edə bilərəm.
Bütün bunların qarşılığında cənab Elsevər Məmmədov o və digər “diaspor” rəhbərlərinin sıfırdan başlayaraq Avropada biznes qurduqlarını iddia edir. Inandırıcı olmasa da, lap qəbul edək ki, elədir. Bu halda sual edirəm: cənablar, neçə nəfər azərbaycanlını işlə təmin etmisiniz, Hollandiyada qaçqın kamplarında illərdir ümidsiz yaşayan neçə ailəyə əl uzatmısınız? Nə qədər insanın inteqrasiya olunmasına yardım etmisiniz? Axı diaspora deyəndə təkcə ümummilli yasdan-yasa yığışmaq yox, həm də hər zaman öz toplumunun yanında olmaq, onun problemlərinin həllinə yardım nəzərdə tutulur. Sizlər və Azərbaycanın Niderland Krallığındakı səfirliyi azərbaycanlıların yanındasınızmı? Bu suala siz cavab verməsəniz də, mən cavab verəcəm.

Avropada «ümumummilli yas» şousu
•