Əsədi yeni cəza gözləyir

Suriya diktatorunun atəşkəsə əməl etməməsi dünyanı qəzəbləndirib

«Axan qanı dayandır, həm də dərhal» – Əsədin xanımından ərini dayandırmaq tələb olundu

BMT müşahidəçilərinin ölkədə olmasına baxmyaraq Suriyada Bəşər Əsəd rejiminin zorakılıqları dayanmır. Əsəd rejimi atəşkəsə əməl olunacağına scz versə də, son 24 saat ərzində hökumət qüvvələrinin müxaliflərə yönəlik hücumları nəticəsində 71 nəfərin öldürüldüyü bildirilir. Hökumət qüvvələri tanklarla paytaxt Dəməşqin 70 kilometr cənubda yerləşən Bəsr əl Hərir qəsəbəsini bombalayıb.
Suriya hakimiyyətinin atəşkəsə uymadığını tənqid edən ölkələr bu gün Parisdə bir araya gələcək. Toplantıda Əsəd rejiminə qarşı yeni sanksiyalar paketinin nəzərdən keçirilməsi gözlənilir. Avropa Birliyi xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Avropa Birliyi Suriya hakimiyyətinə qarşı yeni sanksiyalar qəbul etməyə hazırlaşır. Eşton Suriyada repressiyalar davam etdikcə sanksiyaların qüvvədə olacağını da vurğulayıb.
Almaniya və Ingiltərənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndələrinin xanımları Huberta fon Voss-Vittiq və Şeyla Lyal Qrant Suriya diktatoru Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə xitabən 4 dəqiqəlik videomüraciət hazırlayıb. Videoda Əsma Əsəddən Suriyada baş verən zorakılıqların dayandırılması üçün prosesə müdaxilə etməsi tələb olunub: “Sevgili Əsma, bəzi qadınlar üçün yalnız özləri əhəmiyyətlidir. Bəzi qadınlar üçün əhəmiyyətli olan xalqdır. Bəzi qadınlar imicləri uğrunda mübarizə aparır, bəzi qadınlar həyatda qalmaq üçün”. Alman diplomatın xanımı Huberta fon Voss-Vittiq Suriya diktatorunun həyat yoldaşına üzünü tutaraq “Axan qanı dayandır, həm də dərhal” deyib.
ABŞ Türkiyədə məskunlaşan suriyalı qaçqınlara humanitar yardım qismində 25 milyon dollar vəsait ayırıb. Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir ki, ABŞ suriyalılara regionda fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatları vasitəsilə 25 milyon dollar həcmində humanitar yardım edib. Bu məbləğin 8,5 milyon dolları BMT-nin qaçqınlarla iş üzrə ali komissarının idarəsinə köçürülüb.
Bu arada aprelin əvvəllərində Istanbulda keçirilən “Suriyanın dostları qrupu”nun toplantısında Suriya xalqının legitim təmsilçisi kimi yanınan Milli Şura Liviyada nümayəndəlik açmaq qərarına gəlib. Milli Şuranı legitim hakimiyyət kimi ilk tanıyanlardan olan Liviyanın yeni hökuməti suriyalı müxaliflərə 100 milyon dollar yardım etmək qərarına gəlib. Suriya Milli Şurasının rəsmisi Ənəs Əl Xalid Liviyadakı nümayəndəlik ofisinin yaxın həftələrdə fəaliyyətə başlayacağını bildirib.
Ötən gün səhər saatlarında Suriya istiqamətində hərəkət edən, içində silah və hərbi sursatın olması səbəbiylə BMT-nin xəbərdarlığından sonra dayandırılan “Atlantik Cruser” adlı yük gəmisi Türkiyənin Isgəndərun limanına yönəldilib.