Ramiz Mehdiyevin komandasının üzvü isə işdən çıxarıldı
Ilham Əliyevin sərəncamı ilə Binəqədinin icra başçısı Alı Qocayev tutduğu vəzifədən azad edilərək Samuxa icra başçısı təyin edilib. Bununla da “Azadlıq”ın bir neçə gün əvvəl yazdığı xəbər qismən təsdiqini tapıb. Həmin xəbərdə bildirilirdi ki, Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) prezidenti Rövnəq Abdullayev ciddi-cəhdlə Alı Qocayevin cəzalandırılmasına çalışır. Buna səbəb isə Sulutəpə qəsəbəsində ARDNŞ-in balansında olan ərazilərin Alı Qocayevin tərəfindən satılmasıdır. Indi həmin əraziləri geri almaq istəyən Rövnəq Abdullayev ciddi problemlə üzləşib. O, cəmiyyətdə “evyıxan məmur” kimi ad çıxarıb.
ARDNŞ prezidenti Alı Qocayevin yaratdığı problemdən hiddətlənərək icra başçısının vətəndaşları aldadaraq həmin əraziləri onlara satması ilə bağlı faktları toplayıb Ilham Əliyevə təqdim edib. Alı Qocayevin qudası, Milli Məclisin sədri Oqtay Əsədov isə Rövnəq Abdullayevin planlarının qarşısını almaq hərəkət keçib. Görünür, Oqtay Əsədovun zəhməti hədər getməyib. Hər halda Alı Qocayev həbs olunmayıb, yaxud tamamilə işsiz qalmayıb. Digər tərəfdən Rövnəq Abdullayev müəyyən mənada məqsədinə nail olub. Alı Qocayev Binəqədi kimi iri rayondan Samuxa sürgün edilib.
Ilham Əliyevin başqa sərəncamla Gədəbəyin icra başçısı Kamran Rzazadə vəzifədən azad edilib. Onun yerinə Ramiz Yediyarov təyin edilib. Ramiz Yediyarov bundan əvvəl Şəmkir rayon vergilər şöbəsinin rəisi olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs olduğu bildirilir. Kamran Rzazadənin isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasına daxil olduğu iddia edilir.
Informasiya şöbəsi