Milli Məclisin keçmiş üzvləri onlara verilməli olan mənzillərini istəyirlər
II çağırış Milli Məclisin bir qrup deputatı hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmədikləri üçün ölkə rəhbərliyinə müraciət edəcəklər. Bu barədə Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev Modern.az-a məlumat verib.
Ə.Nuriyev bildirib ki, artıq 10 ilə yaxındır bir qrup sabiq deputat növbədə olmalarına baxmayaraq, hələ də onlara verilməli olan mənzilləri ala bilmirlər. Onun sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.
Ə.Nuriyev vurğulayıb ki, dövlət tərəfindən deputatların mənzili üçün lazımı vəsait ayrılsa da, tikinti şirkəti prosesi yubandırır: “Bildiyimiz kimi həmin bina Fövqəladə Hallar Nazirliyinə verildi. Tikinti aparan təşkilat KAT LTD şirkəti idi. Həmin təşkilata tikintinin aparılması ilə üçün o zamanki bazar qiymətlərinə uyğun böyük bir məbləğ ödənildi. Eyni zamanda, müəyyən torpaq sahəsi də ayrıldı. Təəssüf ki, 2006-cı ildən bəri bu şirkət orda heç bir addım atmayıb. O zaman bir qrup deputata başqa yerlərdən mənzil verildi, ancaq digər qrup hələ də mənzil ala bilməyib. Biz hələ də gözləyirik. Hətta qeyd edim ki, mənzili tikilməyən insanların hər birinə ayda 800 manat məbləğində vəsait ödənməlidir”.
Sabiq deputat problemin həlli ilə bağlı Milli Məclis sədrinə, Nazirlər Kabinetinə və ölkə başçısına müraciət etmək fikrindədirlər.
Ə.Nuriyev həmçinin onu da qeyd edib ki, mənzil almaq üçün o, 2003-cü ildə adıçəkilən tikinti şirkətinə özlərindən də külli miqdarda vəsait ödəyiblər. Lakin nə bu vəsait, nə də mənzildən xəbər yoxdur. “O zaman bir qrup deputata başqa binalardan ev verildi, amma biz mənzil ala bilmədik. Lakin hamı kimi mən də bunun müqabilində külli miqdarda pul ödədim. 2003-cü ildə ödədiyimiz 5-10 min manat pul, indi görün nə qədər edir”, – deyə Ə.Nuriyev əlavə edib.