AXCP aprelin 18-də Sulutəpə yaşayış massivində evlərin sökülməsi zamanı jurnalistlər İdrak Abbasov və Günay Musayevanın baş verənləri qeyda alarkən ARDNŞ işçiləri tərəfindən döyülməsi ilə əlaqədar bəyanat verib.
Bəyanatda deyilir ki, AXCP peşə borcunu yerinə yetirərkən Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlarının fiziki zorkılığı ilə üzləşən və xəstaxanaya yerləşdirilən jurnalist İdrak Abbasovun, eləcə də “Yeni Müsavat”ın reportyoru Günay Musayevanın durumundan ciddi narahatlıq keçirir.
AXCP dövlətin səlahiyyət verdiyi şəxslərin jurnalistlərə qarşı vəhşi davanışını təsadüfü hal saymayıb, bunu avtoritar rejimin tənqidçi medianı susdurma planının tərkib hissəsi kimi dəyərləndirir.
Söz və mətbuat azadlığının təminatı ilə bağlı üzərinə öhdəliklər götürən Azərbaycan hakimiyyətinin jurnalistlərlə qarşı zorakılıqla davranmasını şiddətlə pisləyən AXCP bu siyasətdə əsaslı dəyişiklik etməyi ölkə rəhbərliyindən tələb edir.
AXCP bəyan edir ki, hüquq-mühafizə orqanları İdrak Abbasov və Günay Musayevaya qarşı zorakılığın dövlət siyasətinin tərkib hissəsi olmadığını sübut etmək istəyirsə, təcili tədbirlər görərək, zorakılıq edənləri, onları təlimatlandıranları cəzalandırmalıdır.