“Xərclər siyasətimiz daha sərt olacaq. Hazırda daha səmərəli xərclərə üstünlük verilir. Xərclərin optimallaşdırılması, ixtisarı istiqamətində də mühüm tədbirlər görüləcək”.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
2017-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, bütün dövlət vəzifələrinin yerinə yetirilməsi üçün vəsait nəzərdə tutulub: “Lakin nəzərə alsaq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, çalışmalıyıq ki, xərclərimizi gəlirlərimizlə uzlaşdıraq. Xərclərimiz gəlirlərlə ayaqlaşmalıdır. Xərclər siyasətimiz daha sərt olacaq. Bununla əlaqədar gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. 1,5 mlrd. manat həcmində azalmadan söhbət gedir. Həm gömrük daxilolmaları, həm də bir qədər vergi daxilolmaları artacaq”.
S.Şərifov bildirib ki, xarici öhdəliklər tam şəkildə həyata keçiriləcək: “Bu, həm xarici borca, həm də beynəlxalq öhdəliklərə aiddir. Xərclər tam təmin olunacaq”.