«Əmanətlər qaytarılmır, onun əvəzində kompensasiya verilir»
Nemət Əliyev: «Ölkə başçısı məsələnin əsl mahiyyətinin üzərinə kölgə salmaq məqsədi ilə quru rəqəmlərdən yapışır»
Ölkə başçısı Ilham Əliyev 2012-ci ilin birinci rübünün nəticələrinə həsr olunmuş müşavirədə əmanətlərin qaytırılması barədə danışıb. Əmanətlərə görə kompensasiyaların verilməsi ilə bağlı sərəncamı əhəmiyyətli addım adlandıran Əliyev Azərbaycanda prosesin daha ədalətli həyata keçirələcəyini deyib. Ölkə başçısı heç bir yerdə belə yüksək əmsal tətbiq edilmədiyini də bildirib.
Dövlət başçısının dediklərinin həqiqəti əks etdirməməsi ilə bağlı bir müddət əvvəl qəzetimizdə araşdırma dərc edilmişdi. “Azadlıq” qəzetində dərc edilən “Əmanətləri kim necə qaytırıb?” yazısında bütün bu məsələlərə aydınlıq gətirilib. Yazıda əks olunanları yenidən təkrarlamaq niyyətində deyilik.
Sadəcə olaraq xatırlatmaq yerinə düşər ki, postsovet məkanında əmanətlərin qaytırlması prosesi ən gec Azərbaycanda başlayıb. Əksər respublikalarda isə bu proses vətəndaşlara daha sərfəli şəkildə həyata keçirilib. Bu baxımdan Ilham Əliyevin dedikləri həqiqətəndən xeyli uzaqdır. Bəs hər kəsə məlum olan bu həqiqəti təhrif etməkdə məqsəd nədir?
Iqtisadçı-ekspert Nemət Əliyev dövlət başçısının bu fikirlərini insanların aldadılması kimi qiymətləndirdi. Ekspert həmçinin qeyd etdi ki, dövlət başçısı əmanətlərin qaytarılması ilə bağlı sərəncam imzalamayıb. Sadəcə olaraq vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi haqqında fərman verilib. Fərmanın mahiyyətinə diqqət edəndə bəlli olur ki, əmanətləri batmış vətəndaşlara birdəfəlik yardımların verilməsi nəzərdə tutulub. Bunun qarşılığında insanlar əmanət banklarında qalmış əmanətlərindən rəsmi şəkildə imtina etməlidir.
Ekspertin sözlərinə görə, Azərbaycan hökumətinin əmanətlərin qaytarması ilə bağlı tətbiq etdiyi metodologiya heç bir ədalət prinsipinə sığmır. Çünki Dövlət Statistika Komitəsinin rəsmi açıqlamalarına görə, 1991-cı ildən sonrakı dövrdə qiymətlər 60 min dəfə artıb. Bu o deməkdir ki, pul öz dəyərini 60 min dəfə itirib. Əgər Statistika Komitəsinin rəsmi şəkildə açıqladığı bu rəqəm əsas kimi götürülsə, o zaman əmanətçinin banklarda qalmış hər bir rublunun qarşılığında Azərbaycan hökuməti 1,2 manat pul qaytarmalıdır. Üstəlik, əmanətlərə görə faizlər də hesablanmalıdır.
Ekspert digər postsovet məkanında əmanətlərin bir neçə il əvvəl qaytarıldığını da xatırladaraq bu müddət ərzində də qiymətlərin xeyli artdığını qeyd etdi. Azərbaycan hökuməti də əmanətləri həmin vaxt qaytarsaydı, vətəndaşlar bundan daha çox fayda götürərdi.
Ekspertin fikrincə, ölkə başçısı məsələnin əsl mahiyyətinin üzərinə kölgə salmaq məqsədi ilə quru rəqəmlərdən yapışır. Hətta belə olanda da məlum olur ki, Azərbaycanda əmanətlərin ən ədalətsiz, pis şərtlərlə qaytarılması nəzərdə tutulub. Bu da Azərbaycan vətəndaşlarının əmanətlərinə xəyanətdir.
Bununla belə N.Əliyev məsələnin nə vaxtsa ədalətli həllini tapacağına da ümid etdiyini bildirdi: “Müxalif qüvvələrin birləşdiyi Ictimai Palatada bütün bu məsələlər yetərincə müzakirə olunub. Ictimai Palatada mesaj verib ki, vətəndaşların batmış əmanətlərinin qaytarılması məsələsi nə vaxtsa özünün müsbət həllini tapacaq”.
Fizzə