23 ildir tanıdığım Faiq

gozel-ve-faiqGözəl Bayramlı, AXCP sədrinin müavini

Bu gün “Azadlıq” qəzetinin redaksiyasında olarkən Faiq bəyin otağında keçirdiyim hisslər məni 23 il öncəyə qaytardı…
Siyasi məhbus, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlini 1993-cü ildən tanıyıram. Faiq hər zaman ən yaxın, ən etibarlı dostlarımdan olub. Partiyanın mərkəzi aparatında 1993-cü ildən birlikdə çalışmışıq. Faiq onda çox gənc idi. Hər dəfə qərargahımıza hücum olanda yaşadığımız anlar yadıma düşür, o qərargahdan bu qərargaha yerləşməyimiz yadıma düşür, birlikdə hər çətinliyin öhdəsindən gəlməyimiz, Faiqin öz işinə necə diqqətli olması, səliqə-sahmanı yadıma düşür.
Sonrakı illərdə Xaqani 33-ü Faiqsiz təsəvvür etmək mümkün deyildi.

Faiq anası rəhmətə gedəndə çox gənc idi, Sabirabadın Rüstəmli kəndinə biz də yas mərasiminə getmişdik. Bu il də Faiq atasını itirib. Zəhmətkeş, ziyalı bir ailənin övladı olan Faiq həyatda çox məhrumiyyətlər yaşayıb, cəbhəçi olduğuna görə müxtəlif bəhanələrlə dövlət imtahanına buraxılmayıb və hələ də diplomunu ala bilməyib. Faiq hakimiyyətin hədəfinə məhz prinsiplərinə, əqidəsinə sadiq olduğuna görə gəlib.
Faiqin toy günü cəbhə ailəsinin ən gözəl, ən xoşbəxt günlərindən biri olub, bizlərə sonsuz sevinc bəxş edib. Bu gün Faiq 2 gözəl qız övladının atasıdır. Ailəsinə, övladlarına olan sevgi, hörmət, bağlılıq çoxlarına nümunədir.
Ancaq bu zalım və qəddar, antimilli rejim onlarla mübarizə insanı kimi Faiqi də övladlarına həsrət qoyub, onu qondarma, gülünc ittihamlarla şərləyərək həbsə atıb.
Lənət olsun, övladı atadan ayıran rejimə! Allah əməllərinizi qabağınıza çıxarsın, inşallah!
Faiqə və bütün siyasi məhbuslarımıza azadlıq tələb edirəm…