Hər iki qədəhdən biri “gələcək prezident Surət Hüseynovun sağlığına” idi

«Iyunun 2-də Dadaş Rzayev hökumət telefonundan gələn zənglərə cavab vermirdi»

1993-cü il aprelin ortalarında Qazaxda Nüsrət Budaqovun oğlunun toyu oldu. Budaqov Surət Hüseynovun ən yaxın adamlarından biri idi. Bu toyda iki qədəhdən biri gələcək prezident Surət Hüseynovun sağlığına qaldırılırdı. Bunlar o qədər təmtəraqlı və Surətin tərəfdarları üçün o qədər inandırıcı səsləndirilirdi ki, onların hamısı Surət Hüseynovun bir ayağının artıq prezident kabinetində olduğunu təsəvvür edirdilər.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

Mayın 20-də təmir batalyonlarımdan birinin komandiri mənə məlumat verdi ki, onu Gəncəyə Surət Huseynovun qəbuluna çağırırlar. Biz oralarda nə baş verdiyini həmişə öyrənmək istəyirdik və buna görə də batalyon komandirinə təcili olaraq oraya getməsini əmr etdim.
Gəncəyə 709-cu briqadaya gələrək Surət Hüseynovun qəbulunda uzun-uzadı gözləyən kombat birdən heyrətli bir olayla üzləşir. Kabinetdən Surət və müdafiə naziri Dadaş Rzayev az qala qol-qola və hərbçilərin təbiri ilə desək, “əla vəziyyətdə” çıxırlar. Bunların ardınca baxan Nüsrət Budaqov isə “hələ bir nazirə bax! Mən olmalıyam və olacağam Müdafiə naziri” deyərək sinəsinə vurur. Qəbul otağının qapısında Surətlə görüşüb ayrılan Dadaş Rzayev “Işində ol Surət, səni tərksilah etmək fikrinə düşənlər qələt eləyirlər”, deyərək yırğalana-yırğalana oradan ayrılır.
Surət sonra mənim kombatımı qəbul edir və 709-un bokslarındakı nasaz hərbi texnikanı təmir edib cərgəyə qaytarmaq haqqında yardım istəyir. Yeri gəlmişkən, imkan tapıb mənim kombatıma deyir ki, yaxın iki həftə ərzində o, Bakıda olacaq və hakimiyyəti devirərək özü prezident olacaq. KombatÿQazaxa gələrək orada gördükləri və eşitdikləri barədə ətraflı məruzə etdi. Mən də öz növbəmdə bu olaylar barədə məlumatı gərəkən dövlet orqanlarına, eyni zamanda rayon icra hakimiyyəti vasitəsilə Prezident Aparatına çatdırdım.
Təbii, bütün bu informasiyaların fonunda mayın axırında 709-cu hərbi hissənin buraxılması, orada olan silah və hərbi texnikanın başqa hərbi hissələrə verilməsi haqqında prezidentin sərəncamı və Mdafiə nazirinin əmri çıxdı.
Amma 709-dan kimsə gəlib bu əmrləri götürmədi və onun icrası yerdə qaldı. Təbii, bu zaman artıq Surət Hüseynovun heç bir səlahiyyəti yox idi, briqada komandiri Eldar Əliyev idi, amma orada Surət külli-ixtiyar olmaqda davam edirdi.
Prezidentin sərəncamına görə, bu hərbi hissənin buraxılması ilə bağlı bütün zəruri tədbirlərin alınması, təbii ki, müdafiə nazirinə həvalə edilmişdi. Bunun üçün başqa hərbi hissələrdən və güc nazirliklərindən cəlb edilmiş qüvvələr üzərində komanda səlahiyyəti də ona verilmişdi.
Burada bir maraqlı epizod haqqında danışmaq istəyirəm. 1993- cü ilin may ayının sonlarında mənə məruzə etdilər ki, Gəncədən Qırmızı Körpü istiqamətinə içində 5-6 silahlı adam olan bir “UAZ” hərəkət edir, onlar heç kimə tabe olmur və maşını saxlatdırmaq da mümkün deyil. Əlbəttə, nəzarətim altında olan ərazidə belə bir olaya yol verə bilməzdim və heç kim də bu ərazidə bu cür qanunsuzluqlara cəsarət edə bilməzdi. Buna görə də bir neçə adam ayıraraq onlara tapşırdım ki, həmin silahlıları zərərsizləşdirərək yanıma getirsinler. Əmr yerinə yetirildi. Bu adamları yanıma gətirdilər. Bunlar rus millətindən olan hərbçilər idi. Hər halda sıravi əsgər deyildilər. Ya zabit, ya da hərbi təlimatçılar idi. Mən onları qauptvaxta saldım və bir neçə gün ərzində düz-əməlli bir şey də öyrənə bilmədik ki, bu adamların buralarda nə ölümü var. Sadəcə onu iddia edirdilər ki, onlar 709-cu hərbi hissənin qulluqçularıdır. Bir neçə gün ərzində Müdafiə Nazirliyindən gələn israrlı tələblərdən sonra onları buraxmağa məcbur oldum.
Bu adamları bir müddət sonra, 1993-cü ilin iyun ayının 4-də Gəncədə, 709 saylı hərbi hissənin ərazisində gördüm. Onlar da məni tanıdılar və kinayə ilə gülümsədilər.
Xatırlatdığım kimi, o zaman mən Qərb qoşunlarının komandiri idim. 1993-cü ilin iyununda məni Müdafiə Nazirliyinə çağırdılar və arxamca hətta vertolyot da göndərdilər. Məni şəxsən müdafiə naziri Dadaş Rzayev qəbul etdi və Gəncədə yaranmış situasiyanı anlatdı. Mənə bildirdi ki, 709-cu hərbi hissə ləğv edildiyi üçün onun bütün ərazisi, əmlakı və texnikası mənim sərəncamıma verilir. Amma konkret heç bir vəzifə müəyyen edilmirdi. Əlavə olaraq mənə bildirdi ki, sabah, yəni iyunun 2-də öz ştabı ilə birlikdə Tovuza gələcək.
Dediyi kimi də etdi. Səhəri gün Dadaş Rzayev Baş qərargah rəisi Nurəddin Sadıqovla birlikdə Tovuza gəldi. Orada ətraf hərbi hissələrin komandirləri və ətraf rayonların polis rəislərinin iştirakı ilə bir müşavirə təşkil edildi. Burada Dadaş Rzayev situasiya və ondan çıxış yolları barədə çox anlaşılmaz və çıxılmaz şeylər danışdı. Hətta rayon polis rəislərindən biri yüngülcə irad çatdırmalı oldu ki, söhbətin nədən getdiyi və nə etmək lazım olduğu barədə ona heç nə məlum olmadı. Dadaş Rzayev heç nə etmək istəməyən adamın qeyri-ciddi, hətta gülməli təkliflərini səsləndirməkdən başqa bir şey söyləmək istəmirdi.
Burada iki saat oturub nazirin heç nə ifadə etməyən sözlərini dinlədik və təkəbbürlü görkəminə tamaşa etdik.
Əlbəttə, bir çoxları o zaman üçün Dadaş Rzayevin ən uğurlu kadrlardan biri olduğunu iddia edirdi. Hərçənd, bu sözləri söyləyənlər arasında bir nəfər də olsun hərbçinin ola biləcəyini ağlıma da gətirmirəm.
O, müşavirə keçirdiyi müddət ərzində Bakıdan onu bir neçə dəfə hökumət telefonu ilə aradılar, amma adam israrla bu zənglərin heç birinə cavab vermirdi.
Sanki olduğu yeri gizli tutmaqda idi.
Onun danışdıqlarından yalnız bir şey anlaya bildik ki, sabah, yeni iyunun 3-də hamımız Şəmkirdə, Kür qəsəbəsinin yaxınlığında olmalıyıq…

ardı var