Zəfər Əhmədli: “Başqa çıxış yolum qalmayıb, müddətsiz aclıq aksiyasına başlayıram”
AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri, hazırda həbsdə olan Fuad Əhmədlinin atası Zəfər Əhmədli müddtəsiz aclıq aksiyasına başlamaq qərarı verib. Zəfər Əhmədli “Azadlıq”a açıqlamasında bildirib ki, Fuad Əhmədlinin həbsinin qanunusuz olduğu aşkar görünsə də, heç bir addım atılmır, tələblərə cavab verilmir və mən də bu formada etiraz aksiyası keçirirəm: “Fuad Əhmədlinin səhhətində ciddi problemlər var. Onun bu şəraitdə saxlanması səhhətində daha böyük problemlər yaradacaq. Digər tərəfdən Fuadın işiylə bağlı heç bir istintaq hərəkəti aparılmır. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini tələb edirik, vəsadət qəbul olunmur. Ümumiyyətlə, Fuadın həbsdə saxlanması üçün heç bir dəlil yoxdur. İttihamın qondarma olması açıq-aydın görünür. Əgər Fuadın saxlanması qanunidirsə, bunu əsaslandırsınlar. Müxtəlif təşkilatlara müraciət etmişik, amma nəticə dəyişmir. Ona görə də son çarə kimi müddətsiz aclıq aksiyasına başlamaq qərarı vermişəm. Axşam saat 5-dən sonra aclıq aksiyasına başlayacam. Bəlkə mənə zərər dəydikdən sonra səsimizi eşidələr. Məni düzgün başa düşün”-deyə Zəfər Əhmədli bildirib.
Xatırladaq ki, Fuad Əhmədlini avqustun 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlamışdı. Onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
azadliq.info