Azərbaycanda kredit faizləri artdı

kredit

Samir Əliyev: “Yüksək faizlər sahibkarlığın inkişafına problem yaratmaqla yanaşı, problemli kreditlərin faizini artırır” 

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan Manat əmanətlərinin faiz tavanını 15%-ə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıbıblar.

“Marja” xəbər verir ki, artıq bir neçə bank manat əmanətləri üzrə faiz dərəcəsini 15%-ə və daha yüksək səviyyə qaldırıblar. Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-ə çıxıb. İndiyədək belə kreditlər 29-30%-lə verildirdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.

Qeyd edək ki, adətən Mərkəzi Bank faiz dərəcələri artdırdıqda kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

samir-eliyev-iqtisadci

İqtisadçı Samir Əliyev bildirdi ki, məsələyə iki prizmadan yanaşmaq lazımdır. Bankların verdiyi kreditlərin faizlərinin iqtisadiyyat üçün nə qədər əlverişli olduğu əsas suallardan biri olduğunu deyən S.Əliyev vurğuladı ki, belə yüksək faizlər sahibkarlığın inkişafına problem yaratmaqla yanaşı, problemli kreditlərin faizini artırır. Bu məqamı biz dəfələrlə vurğulamışıq. Amma mövcud vəziyyətdən çıxış yolunu aramaq lazımdır. Çünki hazırda əsas problem yüksək kredit faizləri deyil. Bu gün əsas sual manatla kreditlərin verilməsi və bank sektorunun dayanıqlığının təminidir. Manat kreditləri verilmir, dollar krediti verilir. Amma devalvasiya riskini nəzər alsaq o zaman məlum olacaq ki, dollar kreditləri potensial təhlükə mənbəyidir. Manatla verilən kreditlərdə limit var. Məsələn, əhali üçün verilən istehlak kreditləri 29 faizdən yüksək ola bilməz. Mərkəzi Bank bu qaydanı 1 ildən çoxdur ki, qəbul edib. Mikrokreditlər üzrə faiz göstəricisi 25 faizdir. Manatla verilən yeganə biznes kreditləridir ki, orada faizin yuxarı həddinə limit qoyulmur. Əslində bu limit götürülməlidir. Bu limit götürülsə manatla kreditlərin faizi daha da arta bilər. Amma insanlar manatla kredit ala bilmir. Sahibkara manat krediti lazımdır, dollar yox”.

S.Əliyev vurğuladı ki, iqtisadiyyat üçün təhlükələrdən biri 10 faiz manat, 90 faiz isə dollarla əmanətlərin yerləşdirilməsidir. Nəzər alın ki, iyundan bəri manat 10 faiz dəyər itirib. Əgər milli valyuta bu cür dəyər itiribsə kimsə niyə 10 faizlı manatla əmanət yerləşdirməlidir: “Manatla qoyulan əmanətlərin faizi artırılmalıdır. Əgər bu belə olsa banklar manatla kredit verə biləcəklər. Bundan sonra manatla verilən kreditlərin faizini aşağı salmaq barədə düşünmək olar”.

Xəyal