Cəmil Həsənliyə qarşı təxribat

Professorun elektron poçt ünvanından dostlarına ismarıclar göndərilib; Onun emaildəki arxivi silinib

Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənliyə qarşı təxribat baş verib. Cəmil Həsənli “Azadlıq”a bildirib ki, ona məxsus elektron poçt ünvanından dostlarına ismarıclar göndərilir. Ismarıcda professorun Uelsdə qarət olunduğu və dostlarına yardım üçün müraciət etdiyi qeyd olunub.
Professor hazırda Azərbaycanda olduğunu və heç kəsə belə bir ismarıc göndərmədiyini vurğulayıb: “Saat 12-də dostlardan biri mənə zəng vurdu ki, mənə məxsus elektron poçt ünvanından qəribə ismarıc alıb. Mən dərhal poçt ünvanına daxil oldum. Məqsədim arxivimi köçürmək idi. Lakin artıq gec idi. Elektron ünvanıma olunan müdaxilədən sonra orada olan 4000-ə yaxın arxivi, müxtəlif nəşriyyat və redaksiyalara göndərilən məqalələrinin mətni, əlaqə saxladığım şəxslərin ünvanları və əsərlərimin elektron variantları silinmişdi”.
Cəmil Həsənli istisna etmir ki, baş verənlər onun son müsahibəsi bağlı ola bilər: “Doğrudur, qərar vermək çox çətindir. Amma bundan əvvəl də belə bir hadisə olmuşdu. Onda da bir müsahibəm dərc olunmuşdu. Lakin yenə də mən konkret bununla bağlı olduğunu deyə bilmərəm”.
Professor sonda əlavə edib ki, olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə ehtiyac görmür. “Ola bilər ki, bu, sadəcə xaker hücumudur. Hər halda hüquq-mühafizə orqanlarına müraciət etmək barədə düşünmürəm”, – deyə Cəmil Həsənli bildirib.

İnformasiya şöbəsi