Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi açıqlayıb. Komissiya referendum aktını tənqid edib.
Təklif edilən düzəlişlərin bir çoxu prezidentə “görünməmiş” səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur.
VK ekspertləri hesab edirlər ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının “heç bir bəraəti yoxdur”.
Bundan əlavə, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi “parlamentdə siyasi özgəfikirliliyə” mənfi təsir göstərir. Bu, həm də məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir, çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədəcək.
VK ekspertləri hansısa müddətdə ölkəni idarə edə biləcək vitse-prezidentlərin təyin edilməsindən və vaxtından əvvəl prezident seçkilərini elan etmək üçün dövlət başçısına səlahiyyət verilməsindən “çox narahatdır”.
Eyni zamanda VK referendum prosedurunu, əsasən parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib.
Vaxt olmadığından VK ekspertləri Azərbaycana səfər edə, hakimiyyət, ekspertlər və digər əlaqədar tərəflərlə birbaşa məsləhətləşmələr apara bilməyiblər. Bununla əlaqədar Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin layihə referenduma təqdim edilənə qədər onunla məsləhətləşmə aparmamasına təəssüf edir.
Eyni zamanda ekspertlər “insan ləyaqəti qorunur və hörmətlə yanaşılır”, “özbaşınalıqdan müdafiə və ləyaqətli davranış hüququ” ilə bağlı düzəlişləri müsbət qiymətləndiriblər.
“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlətin nail olmaq istədiyi məqsədə uyğun olmalıdır” düzəlişi də müsbət qiymətləndirilib.
Lakin ekspertlər “ictimai asayiş” və “mənəviyyat”ın qorunması mülahizələri altında açıq toplaşmaların məhdudlaşdırılmasını nəzərdə tutan düzəlişlərlə razı deyil. Çünki bu müddəalar olduqca geniş təfsirə yol verir.
Vətəndaşlıqdan məhrumetməyə dair düzəliş də narahatlıq doğurub.
İlkin rəy təsdiqlənmək üçün VK-nın oktyabrın 14-15-də keçiriləcək plenar sessiyasına təqdim ediləcək. (contact.az)
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin fikrincə, Venesiya Komissiyasının Konstituasiya dəyişikliklərinə bu cür rəy verəcəyi heç kimdə şübhə doğurmurdu. Çünki bu rəy dəyişikliklərin mahiyyətindən irəli gəlirdi: «Venesiya Komissiyasının rəyində bir sıra müsbət, xırda detallar var. Yəni Venesiya Komissiyası proseslərə obyektiv qiymət verib. Amma dəyişikliklərin böyük əksəriyyəti mürtəce xarakterlidir. Məhz buna görə komissiyanın rəyi bu qədər birmənalı və sərt oldu. Həmin rəydə bir sıra mühüm qeyri-hüquqi terminlərdən istifadə olunub. Referenduma çıxarılan dəyişiklikləri «görünməmiş dəyişikliklər» adlandırıblar. Kifayət qədər sərt ifadələrlə Venesiya Komissiyası öz rəyini bildirib. Amma bu cür rəyə rəğmən hakimiyyətin referendumdan geri çəkiləcəyi inandırıcı deyil. Əgər ölkədə normal idarəetmə olsaydı, ölkə demokratik dünyanın bir parçası sayılsaydı bu rəy dərhal Konstitusiya dəyişiklikləri ilə bağlı referendum aktının ertələnməsinə, dayandırılmasına və geniş ictimai müzakirələrə səbəb olardı».
G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan qapalı ölkəyə çevrilir, Azərbaycan qeyri-azad ölkədir. Bu ölkələrdə isə nə ictimaiyyətin, nə də beynəlxalq təşkilatların rəyi nəzərə alınmır. «Bu baxımdan hakimiyyətin Venesiya Komissiyasının rəyinə qarşılıq olaraq müsbət addım atacağı inandırıcı deyil», deyə G.Hacıbəyli vurğuladı.
Xəyal