Rabitə Nazirliyi günahı provayderlərdə görür
ABŞ-ın “Ookla” şirkətinin hazırladığı “NetIndex” reytinqində internetin sürətinə görə ölkəmizin dünyada 115-ci yerdə olduğu barədə məlumat vermişdik. Bu qiymətləndirmə Azərbaycanın 20 internet-servis provayderi və rabitə operatorlarının statistik göstəriciləri əsasında müəyyən edilib. Nəticələrə qiymət verən Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz qəzetimizə bildirmişdi ki, Azərbaycan internetinin keyfiyyətsiz olmasının günahkarı ayrı-ayrı provayderlərdir. Belə ki, provayderlər 500 nəfərə paylanmalı olan trafiki 1000-2000 nəfər arasında bölərək açıq-aşkar oğurluq edirlər. Bunun da acı nəticəsini abonentlər çəkir. Üstəlik, bu səbəbdən Azərbaycanın adı məlum siyahılarda ən aşağı yerlərdə olur.
Bu dəfə Rabitə və Informasiya Texnologiyaları Nazirliyinə müraciət edib məsələ ilə bağlı onların da mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin Informasiya Cəmiyyəti Inkişafı şöbəsinin müdiri Isbəndiyar Əliyevin dediklərindən belə məlum oldu ki, Azərbaycanda internetin sürəti ilə bağlı dövlət səviyyəsində heç bir problem yoxdur. Əksinə dövlətin 20-30 faizlik ehtiyatı da var: “Azərbaycanda internetin tutumu çox yüksəkdir. Hələ tutumdan tam istifadə olunmur.
20-30 faizlik ehtiyat var ki, bundan istifadə edib sürəti artırmaq olar. Yəni internetin olmaması, çatışmaması kimi problemlər yoxdur”.
Sürətin niyə aşağı olduğuna gəlincə, I.Əliyev bunu belə izah edir: “Ola bilsin ki, bu problem var. Istifadəçi ilə provayder arasında bağlanan müqavilədə göstərilir ki, provayder 2 meqabitə qədər sürət verə bilər. Əgər bu sürət 3-4 istifadəçi arasında bölünürsə, bu normaldır. Eyni tutumu bundan artıq istifadəçi arasında bölürlərsə, burada ciddi problemlər yaranır. Provayderlər buna getməməlidir”.
Bu məsələnin dövlət tərəfindən niyə tənzimlənmədiyinə gəldikdə, I.Əliyev bunun mümkün olmadığını bildirib. Onun sözlərinə görə, buna səbəb provayderlərin lisenziya almaması, birbaşa tənzimlənməməsidir: “Rabitə və Informasiya Texnologiyaları Nazirliyi provayderlərə lisenziya vermədiyinə görə, onlar sərbəst fəaliyyət göstərirlər.
Biz provayderlərə yalnız müəyyən tövsiyələr verə bilirik. Amma hər bir internet istifadəçisi həm də istehlakçıdır. Istehlakçıların hüquqları haqqında qanun da bu cür pozuntulara yol verilməsini qadağan edir”.
Gültəkin