Orxan Kərimov
Mənimlə bağlı qondarma cinayət işində maraqlı və gülməli məqamlar az deyil. Onlardan bir qismi mətbuatda açıqlanıb, hətta rəsmi məktublar qəzet səhifələrində işıqlanıb. Nəticədə, deyəsən “dostlarım” çətinə düşüblər. Mənə qarşı sübutların faktiki olmaması və əksinə özlərinin əməllərinin aşkar izləri planlarını pozub, təşvişdədirlər, indi də məhkəməni uzadırlar. Sağlıq olsun.
Cinayət işi ilə bağlı daha bir maraqlı, əslində isə gülməli, bəlkə də bədii baxımdan xrestomatik bir məsələ var. Belə ki, məktublar nazirlikdən universitetlərə əlbəəl, daha doğrusu təcrübəli bir dələduzun vasitəsilə çatdırılıb. Yəni nazirliyin rəsmi məktubları poçt vasitəsilə göndərilməyib. Inanmaq çətin olsa da, bu faktdır. Mən özüm də bəlkə inanmazdım. Ancaq cinayət işinin materialları ilə artıq tanışam. Və K.Marksın pul-əmtəə düsturuna əsaslanan “işgüzar mexanizm” artıq mənimçün aydındır. Həm də görünür ki, “işgüzar” tərəflərin aralarında qarşılıqlı inam və etibar da yox imiş, məktubları heç poçtla göndərmək riskinə də getmirmişlər.
Bu məsələ ilə bağlı istintaqa yazılı müraciət etdim, ancaq belə bir ciddi məsələni araşdırmaq istintaqın dərhal “yadından çıxdı”. Bəli, unutqanlıq ciddi mərəzdir (bir az sonra bu barədə daha ətraflı danışacam).
Indi isə bu məsələnin bədii tərəfi barədə. Hamımız hələ orta məktəbdən Mirzə Cəlilin “Poçt qutusu” ilə tanışıq. Bu hekayədə zavallı Novruzəli məktubu itirmək, çatdırmamaq, işləri korlamaq kimi qorxu girdabındaydı. Novruzəli məktubu poçt qutusuna da etibar edə bilmirdi, kişi əsl depressiya yaşayırdı.
Bəzəksiz-filansız, olduqca səmimi deyirəm, türmədə cinayət işinin materialları ilə tanış olarkən, yuxarıda qeyd etdiyim məsələyə yetişəndə əvvəl xeyli təəccübləndim, sonra isə dərhal zavalı Novruzəlini xatırladım. Kefim də duruldu, açığı, xeyli də ürəkdən güldüm.
Indi isə unutqanlıq barədə. Q.Markesin “Yüz ilin tənhalığı”nda heç vaxt unutmayacağım bir məqam var. Əsərdə hadisələrin cərəyan etdiyi Makondo şəhərciyinə köçəri sirk gəlir və özüylə də təhlükəli yoluxucu xəstəlik virusu gətirir.
Qısası, şəhərciyin əhalisi bu virusdan yaddaşın zəifləməsi, unutqanlıq xəstəliyinə tutulur. Epidemiya getdikcə güclənir. Insanlar nəinki yaxınlarını, hətta öz keçmişlərini unutmağa başlayırlar. Güzgüdə özlərini tanımırlar. Bu şəhərcikdə kartla fala baxmaqla məşhurlaşmış falçı qadın Pilar isə yenə də əvvəlki kimi fala baxır. Ancaq unutqanlıq epidemiyası şəraitində keçmişdəki hadisələrin falına baxır. Insanlar artıq gələcəyə yox, keçmişdəki hadisələrə fal açdırmaq ehtiyacı ilə yaşayırlar… Böyük yazıçının istedadının ölçüləri həqiqətən də əlçatmazdır. Təbii ki, bu məqam gələcəyə vicdanla addımlamaq üçün yazıçının təklif etdiyi özünüyoxlama, sınaq testidir. Bəlkə elə mən də günahsızlığımı sübut etmək üçün falçı Piların ekspert qismində məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırım?! Çünki görürəm ki, unutqanlıq virusuna yoluxanlar bizim şəhərdə də yaşayırlar.
Qayıdaq özümüzünkülərə. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Novruzəlilər daha poçt qutularının qarşısında boynunu büküb durmurlar. Internet məktubları dövründə qalstuklu Novruzəlilər Nazirlikdəki geniş kabinetlərdə oturub vacib məktubları araşdırırlar, ancaq yenə də poçt qutusuna etibar etmirlər.