Birləşdirməli, yoxsa ayırmamalı?

Hamı seyrək də olsa yerli kanallarda görünür, təkcə əsl müxalifətdən başqa.
Mən bu hakimiyyətin təcrid etmək siyasətini bilməsəydim bundan bəlkə çox narahat olardım. Amma mən bu siyasəti bilirəm. Çox maraqlıdır, müxalifətə müəyyən mənada yaxın olan tribunalar heç də bu hakimiyyətə qarşı belə bir münasibət sərgiləmirlər. Amma hakimiyyət bunu edir. Olsun. Əvəzində çox maraqıl hadisə baş verir, müxalifətin səsi elə tribunalardan gəlir ki, adamın ürəyi fərəhlə dolur. Bəlkə hakimiyyət özü də belə tribunalarda səslənmək və çıxış etmək istərdi. Lakin bacarmırlar. Əvəzində özlərinin yerli qəzetlərində o ki var, Avropa ölkələrinin, xüsusən də Almaniyanın ardınca deyinirlər. Biz indi onları təqlid etmək fikrində deyilik. Qoy yazsınlar. Onsuz da özlərindən başqa heç kim oxumur. Hətta özlərinin oxumasına da mən şübhə edirəm. O gün maraqlı və bir az da ibrətamiz detal dedilər mənə. Müxalifət özü bir yol tapıb azacıq dirçələn kimi onun sıralarından bəzi adamlar başlayırlar ortaya ziddiyyətli və mübahisəli fikirlər atmağa. Kim daha fəaldır? Kim daha güclü və kütləvidir? Mən indiki məqamda o suallara varmağı bir o qədər də uğurlu məşğuliyyət hesab etmirəm. Biz birlikdə fəallıq və birlikdə güclüyük! Mənim hətta partiya mənsubiyyətim də yadımdan çıxıb. Mən bir çox dəyərli insanla özümü bir partiyada hiss edirəm. Indi biz birləşdirici məqamları daha çox və daha artıq intensivliklə axtarmalıyıq, nəninki əvvəllər. Mənim bir dostum var və o, həmişə yana-yana deyir ki, məsələn, gürcülərdən fərqli olaraq burada xor alınmır, biz hamımız solo ifa etməyə can atırıq. O, bununla hətta kollektiv idman oyunlarındakı zəifliyimizi də izah etməyə cəhd edir. Mən onun musiqi və yaxud da idman haqqında dediklərinə elə bir şərh verə bilmərəm, çünki o sahələrdə özümü səlahiyyətli hesab etmirəm. Lakin sözlərində müəyyən bir həqiqət var. Təbii ki, indi birlik və həmrəylik haqda “ballada” yazmayacam. O günlər arxada qaldı. Həm də birlik sözü dəyərdən düşdü. Hər məsələnin o qədər “mütəxəssisi” olur ki, adam bir söz yazmağa ehtiyat edir. Bir vaxtlar bir neçə adam bu birlik epopeyasını da inhisara almışdı. Seçki vaxtı üzlərinə bir müdrik görkəm verib düşürdülər yola – o partiya sənin, bu partiya mənim!
Indi soraqları gəlmir. Indi birləşdirmək deyil, ayırmamaq vaxtıdır, çünki zəif və kövrək olsa da, birlik var, çalışaq, ayırmayaq… Açığını etiraf edim ki, indi təklikdə heç bir müxalifət partiyası qarşısına böyük siyasi məqsəd və iddia  qoymaq iqtidarında deyil. Necə etməli ki, ölkə tamam avtoritar bir duruma yuvarlanmasın və necə etməli ki, elementar hüquq və azadlıqlar qorunsun?
Indi böyük məqsəd budur. Əslində biz siyasətlə məşğul olduğumuzu bir az unutmuşuq, bunu arxa plana keçirmişik. Daha çox vətəndaşlığımızı ön xəttə çəkmişik. Buna görə bizi qınamaq olar. Hakimiyyət tərəfə keçənlər məhz elə belə də edirlər, bizi qınayırlar. Onların fikrincə, siyasətlə məşğul olan hər bir kəs ilk növbədə özünün karyerasını təmin etməlidir. Bəlkə də belədir, bəlkə də onlar haqlıdır. Amma bütün dövrlərin uğurlu siyasətçisi olmaq da elə bir məşğuliyyət deyil. Bəli, gözümüzün önündə bunu inkar edən böyük bir fakt var: hakim zümrə elə insanlardan təşkil olunub ki, onlar bütün dövrlərdə öz karyeralarını təmin edə biliblər, həm sovetlər vaxtı, həm də indi… Amma nə edək? Özümüzü onlara bərabər tutaqmı?
Kiçik sözardı
Çox şey yazmaq olar. Amma tələsməyə də bir ehtiyac yox! Mən lap çoxdan, hələ bir neçə illər əvvəl yazılara gündəlik forması vermək haqda düşünürdüm. Köşə janrı, prinsipcə, buna imkan verir. Amma hər dəfə bu stili gözləmək olmur. Bəzən məcbur olub kənara çıxırsan. Əvvəllər hesab edirdim ki, “heç nə” haqqında azı iki səhifə yaza bilərəm. Lakin getdikcə bu yazı yazmaq da məşəqqətə çevrilir. Görünür, yaşdandır. Amma bir-iki gün yazmayanda adam yazmağın əsl ləzzətini hiss edir. Bir sual çox düşündürür məni: insanlar əvvəllər daha çox yazırdılar, yoxsa indi? Mənə elə gəlir ki, bu suala əksəriyyət “indi” deyə cavab verər. Elə bu, təsəlli üçün bəs deyilmi?..