“Sülhəddin Əkbər hörmət etdiyim şəxslərdən biridir”

Rəsul Quliyev ACP sədrinin dəyişəcəyi barədə məlumatlara münasibət bildirdi

“Sülhəddin Əkbərə Açıq Cəmiyyət Partiyasının sədri olmağı təklif etməmişəm”. Bu sözləri “Azadlıq”a Açıq Cəmiyyət Partiyasının(ACP) lideri Rəsul Quliyev Sülhəddin Əkbərin bu partiyanın sədri olacağı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Rəsul Quliyev daha sonra deyib: “Sülhəddin Əkbər Azərbaycan siyasətində hörmət etdiyim şəxslərdən biridir. Ona görə də bu gün ona partiya sədri olmağı təklif etməməyim o demək deyil ki, gələcəkdə bu baş verməyə bilər”.
Xatırladaq ki, “Reytinq” qəzetinin yaydığı məlumata görə, Rəsul Quliyev ACP-nin hazırkı sədri Vaqif Mahmudovun fəaliyyətini yetərli saymayaraq onun yerinə siyasi proseslərdə daha çox təcrübəsi olan bir şəxsi gətirmək istəyir. Məlumatda deyilir ki, eks-spiker Müsavat Partiyasının keçmiş Məclis rəhbəri, Avroatlantik Şuranın sədri Sülhəddin Əkbərin ACP sədri olmasına çalışır.
Sülhəddin Əkbər isə “Reytinq”ə açıqlamasında deyib ki, bu məsələyə dair təklif gəlsə, dəyərləndirəcək: “Bu tək mənim verə biləcəyim qərar deyil. Belə bir təklif olsa, yaxınlarım və tərəfdarlarımla ciddi müzakirə edəcəyəm”.
“Açıq Cəmiyyət Partiyasının sədrinin dəyişdiriləcəyi haqda xəbərlər həqiqətə uyğun deyil”. Bu sözləri isə APA-ya açıqlamasında ACP-nin sədri Vaqif Mahmudov deyib. O bildirib ki, partiyanın sədri kimi fəaliyyətini davam etdirir və belə xəbərlərin yayılmasını qərəzli sayır: “Mənim partiyanın sədri vəzifəsindən getməyim və bu posta Sülhəddin Əkbərin gətirilməsi haqda xəbərin cəmiyyətdə yayılmasına nail olmaq kimlərinsə marağındadır. Hesab edirəm ki, partiya daxilində gərginlik yaratmağa yönələn belə xəbərlərin meydana çıxmasına səbəb ACP-nin də iştirakı ilə müxalifət daxilində yeni güc mərkəzinin – Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılmasıdır”. O, Sülhəddin Əkbərlə münasibətlərinin normal olduğunu da qeyd edib.