Rüfət Səfərov haqqında məhkəmə qərarı vəkilə verilmir

rufet-seferov1Ölkədə insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq sistemindəki qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş, sentyabrın 8-də 9 il azadlıqdan məhrum edilən Rüfət Səfərov barədə hökm hələ də vəkilinə verilməyib. Bu səbəbdən də vəkil 20 günlük müddəti ötürməmək üçün hökmün surətini almadan apellyasiya şikayəti verib. Bu barədə Rüfət Səfərovun atası – YAP-dan keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu məlumat verib.
Eldar Sabiroğlu məsələ ilə əlaqədar Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
“Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Asim Hacıyevin qanunsuz hökmünə etiraz olaraq, apellyasiya şikayəti vermək niyyətindəyik. Lakin bu günə qədər hansısa səbəbdən hökmün surəti nə vəkil Bəhruz Bayramova, nə də Rüfət Səfərova verilib. Mən bir valideyn kimi, bunu ciddi qanun pozuntusu hesab edir və hakim Asim Hacıyevin bu aşkar qərəzini anlamaqda çətinlik çəkirəm. Hökmün təqdim edilməsinin gecikdirilməsi vəkili hökmü almadan apellyasiya şikayəti verməyə məcbur edib. Rüfət Səfərova qarşı hüquq və qanun pozuntusunun aradan qaldırılması, hökmün surətinin tezliklə aidiyyəti şəxslərə çatdırılmasına kömək etməyinizi Sizdən xahiş edirəm”, – Eldar Sabiroğlu müraciətində yazır.