YAP hökumətinə medal, Ermənistana raket

rusiyaHökumət təmsilçiləri Rusiyanın ermənipərəstliyinə niyə etiraz etmir?

Bu günlərdə Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Yerevanda hərbi parada hazırlıq zamanı “İsgəndər” raketləri nümayiş etdirilib. Həmin raket kompleksinin “İskander-M”, bəziləri isə “İskander-E” olduğunu bildirir. Ermənistanın müdafiə nazirliyi hələlik bu barədə rəsmi məlumat verməsə də, artıq yerli ekspertlər iddi edir ki, Rusiyadan sonra yalnız Ermənistanda bu cür silah var.
Ekspert Sergey Minasyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Ermənistan ordusunda artıq xeyli vaxtdır ki, bu və digər yeni silahlar olmasından xəbərdar olduğunu deyib. Ekspertin fikrincə, Rusiya tərəfi bu silahı Ermənistana hərbi balansı saxlamaq üçün verib. Və əgər Rusiya nə vaxtsa Azərbaycana da bu cür silah versə, bu, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi halında baş verə bilər.
Bildirilir ki, Rusiya son aylar Ermənistana başqa silahlar da verib və bu texnikaların əksər hissəsi 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində verilib.
Qeyd edək ki, «İsgəndər» raket komplekslərinin Ermənistana verilməsi Azərbaycana böyük təhlükədir. Ekspertlər bildirir ki, bu raketlərlə Azərbaycanın istənilən bölgəsini hədəf seçmək olar.
Göründüyü kimi, Azərbyacan hökumətinin “böyük qardaş” kimi qəbul etdiyi, himayəsinə sığındığı Rusiya hökuməti düşmən ölkəni ən son silahlarla təmin edir. Faktiki olaraq Rusiya Ermənistanı ən pis situasiyaya hazırlaşdırır və açıq şəkildə bu ölkəyə dəstəyini davam etdirir. Azərbyacanın 20 faiz ərazisini işğal etmiş ölkəyə daha güclü silahlar veməklə, bu işğalçılığı davam etdirmək üçün zəmin yaradırlar.
Bu həmin Rusiyadır ki, Azərbaycan hökumətinin ən yüksək vəzifə tutan kadrlarına “Dostluq” ordeni verib. Bugünlərdə isə yapçı deputat Siyavuş Novruzov Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olundu.
Bəli, Rusiya YAP hökumətinin təmsilçilərinə orden, medal, Ermənistana isə son model raketlər bağışlayır. Müxalifətçiləri erməniprəstlikdə ittiham edən rejimoloqlar indi Rusiyaya da etiraz etsinlər. Açıq şəkildə Rusiya ermənipərəstliyin “İsgəndər raketləri” mərhələsinə qədəm qoyub.
Milli maraqlardan dəm vuran, “bizim Qarabağ kimi dərdimiz var” deyən YAP-çılar niyə susublar? Ermənipərəst ölkənin orden, medalını niyə gəzdirirlər? Dilinə “ermənipərəst” sözünü calaq eləmiş Siyavuş Novruzov niyə Rusiyanın ordenindən imtina etmir?
Sualların cavabı isə çox sadədir. Bu hökumət heç vaxt ermənipərəstlərlə düşmənçilik etməyib. Hakimiyyətin düşməni erməniyə güllə atanlar olub. Ona görə də Qarabağ qaziləri intihar həddinə çatıb, şəhid ailələrinin sığorta pulu verilmir, Qarabağ əlili şərlənərək həbsə atılıb. Üstəlik, hökumətimiz bütün ermənipərəst ölkələrdə xeyriyyə layihələri həyata keçirib, ermənipərəstləri sevimli qonaq kimi başa keçirdib.
Bəli, bizim hökumət təmsilçilərinə “Dostluq” ordeni verənlər, əməldə düşmənçiliklə məşğul olurlar və hökumət bütün bunlara susmaqla cavab verir.
Rusiya YAP hökumətinin təmsilçilərinə sözəbaxanlığa, qətiyyətsizliyə, Rusiyanın erməni sevgisinə göz yummaqlarına görə medal verir. Bu dəfə də Siyavuş Novruzovun yaxasından medal asıb bu “ənənə”ni davam etdirdilər.
Bu hökumətin kitabında “milli maraq” anlayışı yoxdur. Bunlar bütün millilərin qarşısında “şəxsi” sözü yazıb, şəxsi maraqlara xidmət edirlər.

Samir