İmitasiyanın pambıq mərhələsi

pambiq1Yaxud xaqlın başının altına “pambıq yastıq” qoymaq

Ölkədə vəziyyət pisləşdikcə hökumətin imitasiyası şaxələnir. Birinci devalvasiyadan sonra hökumət “real islahata başlayacağıq” vədi versə də, nəticə göstərdi ki, hökumət real imitasiyaya başlayıb. Yeni qurumlar yaradıldı, sərəncamlar verildi, fərmanlar imzalandı, amma nəticə olmadı. Çünki, bütün bu baş verənlər görüntü xatirinə edilirdi. Hökumət kursu dəyişmək fikrində deyildi. Hökumətin əməli işi yalnız vətəndaşı soymaqda özünü göstərdi. Qiymətlər qaldırıldı, ixitsarlar artdı, əhalinin borclanması sürətləndi. Faktiki olaraq vəziyyət daha da pisləşməyə, böhran daha da dərinləşməyə başladı.
Bundan sonra xalqa təsəlli verməyin ikinci raundu başladı. Bu dəfə ölkə başçısı müşavirə keçirdi və bildirdi ki, pambıq, fındıq, tut əkməklə böhrandan çıxacağıq və 2016-cı ilin birinci rübünü qənaətbəxş hesab etmək olar.
Amma statistik göstəricilər prezidentin dedikləri ilə üst-üstə düşmədi. Məlum oldu ki, 2016-cı ilin birinci rübü ticarət dövriyyəsi azalıb, bank sektoru iflic vəziyyətə düşüb, vergi yığımı kəskin azalıb, problemli kreditlərin həcmi artıb, ölkə iqtisadiyyatına kapital qoyuluşu kəskin aşağı düşüb, iş adamları ölkədən gedib və s.
Beləliklə, nəticə göstərdi ki, hökumət bu müddət ərzində fəaliyyətsizliklə məşğul olub. Hətta “yerli istehsala başlayırıq”, “hamı Naz-Lifan alsın”, “məmurların kabineti yerli mebellərlə təchiz olunacaq” təbliğatı da suya düşdü. Məlum oldu ki, bu təbliğatdan sonra deputatlara “Mersedes” markalı xidməti maşınlar verilib, “Naz-Lifan” isə can üstədir.
Xalq da gördü ki, hökumətin islahat aparmaq fikri yoxdur və vəziyyət getdikcə pisləşir. Hətta hökumətin deputatı da etiraf etdi ki, vətəndaşlar kəmərləri sıxmalı olacaq. Yəni növbəti mərhələnin daha pis olacağının anonsu da verildi.
Bütün bunlardan sonra hökumət yeni “təsəlli raundu”na qədəm qoyub. Bu dəfə ölkə başçısı “pambıq müşavirəsi” keçirdi. Guya, böhrandan çıxmaq üçün pambıq bizim köməyimiz olacaq. Sən demə, iş yerləri açılacaq, büdcəyə pambıq pulları gələcək və s. Ancaq ekspertlər min tonlarla pambığın anbarlarda qaldığını, pambığın tələbatdan artıq istehsal edildiyini bildirirlər. Yəni Azərbaycanı pambıqçılğa bürüməklə ölkəyə böyük pullar gətirmək mümkün deyil.
İndiki vəziyyətdə korrupsuiya ləğv olunmalı, monopoliyalar aradan qaldırılmalı, gömrük və vergi sistemi şəffaflaşdırılmalı, orta və xırda sahibkarlara şərait yaradılmalıdır. Ölkənin demokratik imici formalaşmaqdıqca, nə xaricdən ölkəyə investisiya axacaq, nə də iş adamları ölkə iqtisadiyyatına sərmayə yatıracaq.
140 milyard neft pulu ilə ölkəni böhrandan çıxara bilməyən hökumət pambıq əkməklə problemi həll edə bilməz. İqtisadiyyat şaxələnməli, bütün sahələr inkişaf etdirilməlidi. Nə qədər ki, siyasi iradə yoxdur, nə qədər ki, avtoritarizmin çırağı yanır, nə qədər ki, “pambıqla baş kəsilir” belə müşavirələrin önəmi ola bilməz.
Sadəcə olaraq hökumət vətəndaşın başının altına bu dəfə də “pambıq yastıq” qoyur. Bir neçə aydan sonra vəziyyət daha da pisləşəndə yeni “müşavirə” keçirəcəklər və yeni məhsulun üzərində saxta təbliğat quracaqlar.
Reallıq isə budur ki, hökumət böhran qarşısında könüllü təslim olub və vətəndaşı çətinliklər məngənəsinə yönəldib. Reallıq həm də budur ki, bu hökumətlə heç bir müsbət nəticəyə imza atmaq mümkün olmayacaq. Xalq susduqca, hökumət imitiasiyanı gücləndirəcək. Xarici borc yükü artacaq, manat yenidən dəyər itirəcək, qiymətlər qalxacaq. Neft milyardlarını mənimsəyənlər isə bu mənzərəni sadəcə seyr edəckələr.

Samir