Razılaşdırılmış mitinqlə razılaşa bilməyən zehniyyət
Sentyabrın 11-də Milli Şura möhtəşəm mitinq keçirdi və bu mitinqin səs-sədası bütün Azərbaycana yayıldı. Təbii ki, xalqın öz Konstitusion hüququndan istifadə etməsi hökumətin xoşuna gəlmədi. Hökumət açıq şəkildə gördü ki, bu qədər əks-təbliğatdan, repressiyalardan, qorxu siyasətindən sonra xalq meydanı doldurdu. Ona görə də Milli Şuranın 17 sentyabr mitinqində bütün iyrənc planları həyata keçirdilər. Mitinq BŞİH-lə razılışdırılsa da, hökumət real alternativin meydanda güc nümayiş etdirməsinə tab gətirə bilmədi. Mitinq ərəfəsində AXCP-nin 100-ə yaxın fəalı həbs olundu, sosial şəbəkələrdə saxta profillərlə antimitinq təbliğatı aparıldı, telekanallar Milli Şuranın mitinqinə böhtanla şər-böhtan üzlüyü çəkməyə başladılar, bütün Universitetlərdə qeyri-dərs günü olduğuna baxmayaraq iclas çağırıldı və gəlməyən tələbələr hədələndi, dövlət işində çalışanlar məcburən işə dəvət olundular, şəhər giriş yolları qapadıldı və s.
Yəni hökumət israrla “mitinq etməyin” mesajı verdi. Açıq şəkildə dedilər ki, mitinqə razılıq versək də, bunu həzm edə bilmirik. Bəli, bu qədər əngəllərə, leysan yağışa baxmayaraq 17 sentyabr mitinqi baş tutdu. Amma hökumətin avtoritar xisləti tormozlanmadı. Bu dəfə mitinqə gələnləri qorxutmaq, insanlarda dinc mitinqlər haqqında mənfi fikir formalaşdırmaq üçün mitinqdən çıxan fəalları həbs etməyə başladılar. Həm də bunu insanların gözü qarşısında etdilər ki, rejimin qəddarlığı daha açıq formada görünsün. Bu yazı yazılanda mitniq məhbusları məhkəmə önünə çıxarılmışdı.
Bəli, Azərbaycan hakimiyyəti növbəti dəfə adını “çirkli lövhə”yə yazdırdı. Göstərdilər ki, bu rejimin bir mitinqlik dözümü, zərrə qədər qanunlara sayğısı yoxdur. Azərbaycan hakimiyyəti bir daha “analoqsuz” olduğunu sübuta yetirdi. Vətəndaşların sərbəst toplaşmaq azadlığına öz mahiyyətlərinə uyğun şərait yaratdılar.
Hökumətin vətəndaşa hörmətsizliyi təkcə bununla bitmədi. Təbliğat apardılar ki, mitinqə gələnlərə 10 manat pul verilib. Deməli, hökumət minlərlə insanı təhqir etməkdən də çəkinmədi. Hətta xəbər yaydılar ki, ABŞ səfirliyi bu mitinqin keçirilməsi üçün Milli Şuraya 100 min dollar pul verib. Yeri gəlmişkən, ABŞ səfirliyi bu iyrənc yalana münasibət bildirməlidir. Çünki, telekanallar konkret hədəf göstərir və ABŞ boyda bir ölkəni də şərləməkdən çəkinmir.
Göründüyü kimi, hökumət növbəti dəfə xalqın iradəsinə qarşı çıxdı, növbəti dəfə hüquqlar ayaq altına atıldı. Bütün dünya bir daha əmin oldu ki, bu hökumətin islahat aparmaq, antiböhran proqramı hazırlamaq, dünyanın bir parçası olmaq niyyəti yoxdur. Ölkə ağır böhran vəziyyətindədir, hökumət isə ciddi işlər görmək əvəzinə alternativləri sıradan çıxarmaqla məşğuldu.
Məsələnni başqa tərəfi də var; bir halda ki, mitinq keçirilməsinə qarşısınız, o zaman mitinq üçün meydanlar ayırmağın nə mənası var? Nə özləri mitinq keçirirlər, nə də mitinq keçirmək istəyənlərə imkan verirlər. Açıq şəkildə deyirlər ki, ölkədə monarxiya yaranmasına, sülalə hakimiyyətinin rəsmiləşdirilməsinə əl çalın.
Bəli, 2016-cı ildə Azərbaycan hakimiyyəti dinc mitinqi zorakılıqla yola salır. Bəli, müxalifət dinc mitinqlərin, dinc mübarizənin tərəfdarıdı, hökumət isə cəmiyyəti zorakılığa yönəldir.
İndi bütün dünya və ölkə ictimaiyyəti bilir ki, hökumət antimillidir, real alternativ Milli Şuradır. Amma hökumət başa düşmür ki, bu həbslər, qara təbliğat nəticəni dəyişməyəcək. Zorakılıqlar cəmiyyətə nifrət toxumu səpir və bu toxumun məhsulu hökumətin boğazına ilişəcək.
17 sentyabrda həm də sübut olundu ki, bütün çətinliklərə baxmayaraq real müxalifət qüvvələri geri çəkilmir və bu rejim qarşısında yalnız bir qüvvə dayana bilər. 11 sentyabr və 17 sentyabr mitinqləri alternativin kimliyini ortaya qoydu. Tam əminliklə deyə bilərik ki, kağız üzərində 700 min üzvü olan YAP Milli Şuranın 11 sentyabr mitiniqini təkrarlaya bilməz. Yalnız qorxu və məcburiyyət hesabına mitinqə adam toplaya bilərlər ki, bunun da qoxusu dərhal ölkəyə yayılar.
Nəhayət, 11 sentyabr və 17 sentyabr mitinqi xalqa da ciddi mesaj verdi. Xalq bilməlidir ki, bu hökumətin yeganə qorxusu xalqdır və antimilli hökuməti yalnız xalq dayandıra bilər. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına düşməsi, korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun aradan qaldırılması, vətəndaşa dəyər verilməsi üçün xalq ayağa qalxmalıdır. Yüzminlərlə insanı nə həbs etmək mümkündür, nə də qorxutmaq.
Beləliklə, 17 sentyabr mitinqi “hökumətin mitinq rüsvayçılığı” kimi yadda qaldı. Müxalifət isə qeyri-bərabər döyüşdə “ağ bayraq” qaldırmadı.
Akif