“Burada şərti cəzanı çətinlik çəkmədən həbslə əvəz etmək mümkündür”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı şərti azadlıqdadır. O, müxalif İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs olunub, sonradan polisin nəzarətinə verilməklə azadlığa buraxılıb. 2011-c il sentyabrın 26-da 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. 2012-ci il aprelin 16-da Fuad Qəhrəmanlı “Media forum” saytının suallarını cavablandırıb.
– İctimai Palatanın ötən ilin aprelində keçirdiyi mitinqə görə azadlıqdan məhrum edilənlər cəzalarının daha yüngül cəza ilə əvəzlənməsi üçün məhkəmələrə müraciət ediblər. Siz də şərti olaraq azadlıqdan məhrum edilmisiniz. Cəzanızın dəyişdirilməsi üçün məhkəməyə müraciət etmisinizmi?
– Mənə verilən cəzanın ləğv olunması üçün vəkilim Əsabəli Mustafayev Ali Məhkəməyə müraciət edib. Ali Məhkəməyə təqdim olunan şikayətdə göstərilib ki, bu cəza üçün heç bir hüquqi əsas yoxdur, cəza siyasi sifariş əsasında çıxarılıb və ona görə də aradan qaldırılmalıdır. Aprelin 24-də məhkəmə olacaq və məsələyə baxılacaq. Əvvəlcədən onu deyə bilərəm ki, hökmün dəyişdiriləcəyini gözləmirəm. Çünki indiyədək olan mərhələ göstərir ki, Azərbaycan məhkəmələrinin bu məsələyə hüququ baxımdan qiymət verməsi, hüquqi əsalarla qərar çıxarması mümkün deyil. İş əvvəldən siyasi xarakter daşıyıb, cəmiyyətin demokratik fəallığını boğmaq üçün hakimiyyətin siyasi sifarişi məhkəmə hökmü formasında ifadə olunub. Bu, açıq şəkildə həyata keçirilən repressiyadır. Dinc etiraz aksiyasına çıxmış insanları həbs etməklə cəmiyyətdə xof, qorxu yaratmağa çalışırlar. Ona görə də güman etmirəm ki, bu hökm dəyişdirilsin.
Ali Məhkəmənin hökmü dəyişdirməsi aşağı instansiyalardakı qanun pozuntularının, hökm çıxarılarkən hər hansı hüququ əsasa istinad edilməməsinin məhkəmə səviyyəsində təsdiqlənməsi demək olar. Aşağı instansiya məhkəmələri siyasi sifariş yerinə yetirir. Yuxarı instansiya məhkəmələrinin də siyasi sifarişi yerinə yetirməməsi, müstəqil olması mümkün deyil. Sadəcə olaraq hüquqi proseduralardan keçilməsi üçün məhkəməyə müraciət etmişik.
Bütün bunlara görə biz bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəyik. İşin ədalətli həllini Avropa Məhkəməsində görürük.
– İnsanın azadlıqdan məhrum edilməsinin nə demək olduğu hamıya məlumdur. Dəmir barmaqlıqlar arxası, soyuq divarlar, sərt nizam-intizam, müəyyən vaxtda yatıb-qalxmaq, sıra düzülüşləri və sair. Bəs şərti olaraq azadlıqdan məhrum edilmək nə deməkdir? Bu cəza insanı nədən məhrum edir?
– Hüquqşünas olmadığıma görə bunun hüquqi təfsilatını dəqiq və tam ifadə edə bilmərəm. Məhkəmə hökmü çıxarılanadək polis nəzarətində oldum. Həftədə üç dəfə polis şöbəsinə gedib yaşadığım yeri tərk etməməyim barədə orada ayrılan jurnala imza atırdım. Məhkəmə yekunlaşandan sonra barəmdə çıxarılan hökm yaşadığım ərazi üzrə məhkəmənin icra şöbəsinə göndərildi. Məni məhkəmənin icra şöbəsinə dəvət etdilər və orada müəyyən sənədlərə imza atdım. İcra şöbəsində mənə xəbərdarlıq olundu. Xəbərdarlıq şərti cəza daşıdığım müddətdə ölkə hüdudlarını tərk etmək hüququndan məhrum olunduğum barədə idi. Bundan başqa, cəzalı olduğum dövrdə fəaliyyətimdə hər hansı qanun pozuntusu olarsa, bu mənim həbsim üçün kifayət edəcək və mənə verilən şərti azadlıqdan məhrum etmə cəzası həbs cəzası ilə əvəzlənəcək. Haqqımda çıxarılan hökmün icrası və nəzarətdə saxlanılması məhkəmənin icra şöbəsinə həvalə olunub. İndiyədək yalnız onlar məni çağırıblar və hansı məhdudiyyətlərin qoyulması barədə xəbərdarlıq ediblər.
Bu ay İctimai Palatanın mitinqi ərəfəsində yaşadığım ərazinin sahə inspektoru məni axtarıb. Zəng etmişdi, amma elə oldu ki, görüşə bilmədik. Ona görə də növbəti mərhələdə polisin iştirakının hansı formada olacağını deyə bilmərəm.
– Dediyiniz kimi, bir necə dəfə polisdə, məhkəmə icraçılarının yanında olmusunuz. Onların sizə yanaşması necədir?
– Polis məntəqəsinə gedəndə, onlarla ünsiyyətdə olanda hiss edirsən ki, məsələnin fərqindədirlər. Yəni cinayətkarla ünsiyyətdə olmadıqlarını, cinayət törətmiş şəxslə danışmadıqlarını büruzə verirlər. Danışıqlarında, davranışlarında bunu nəzərə almağa çalışırlar. Ona görə də bu məsələdə ciddi problemin şahidi olmamışam.
– Siz 1998-ci ildə həbsxanada olmusunuz, bu cəzalar arasında fərq böyükdür?
– Həbs cəzası, türmədə olmaq azadlıqdan şərti məhrum edilməklə müqayisədə həm hüquqi, həm də psixoloji baxımdan daha ciddi təzyiq yaradır. Həbsdə olmaq insanın azadlıqdan istifadə etmək imkanlarını məhdudlaşdırır. İnsan bütün ətraf ələmdən təcrid edilir, özünə, dünyagörüşünə, təbiətinə, seçdiyi həyat yoluna, fəaliyyət sahəsinə aid olmayan bir həyat tərzi yaşamalı olur. Zamanı faydalı formada dəyərləndirmək imkanını itirdiyinə görə vaxtı “öldürməklə” məşğul olur. Bu, haradasa insan ömrü üçün itkidir. Çünki insan nəinki öz arzuları, məqsədləri uğrunda fəaliyyət göstərə bilmir, hətta ən elementar, minimum azadlıq hüququndan, fəaliyyət sərbəstliyindən yararlana bilmir. Orada həyat yeknəsəq keçir, günlər bir-birinə oxşayır, eyni şeylər hər gün təkrarlanır. Bundan başqa daima öz üzərində inzibati təsir hiss edirsən, bunun siyasi təzyiq xarakterli olması insanı psixoloji gərginlik altında saxlayır. Həbsxana işçilərinin məhkumlar üzərində daimi nəzarəti olur, məhkumun fəaliyyəti reqlamentləşdirilir.
İnsan öz ətrafı ilə ünsiyyət imkanlarını itirir, sevdiyi adamlarla ürəyi istəyəndə görüşə bilmir, onlar üçün darıxır. Bu baxımdan şərti cəza ilə azadlıqdan məhrum edilmək arasında çox ciddi fərqlər var. Şərti cəza bir növ insanı qarmaqda saxlayır. Hər an hansısa bir qondarma bəhanə tapıb şərti cəzanı həbs cəzası ilə əvəz edə bilərlər. Ən azından Azərbaycanda belədir. Burada insanın günahkar olub-olmaması əsas deyil. Belə olan halda şərti cəzanı çətinlik çəkmədən həbslə əvəz etmək mümkündür.
– Məhkəmə hökmü altında olmağınız fəaliyyətinizdə hansısa qeyri-hüquqi məhdudiyyətlər yaradıbmı? Məsələn, partiyanın işində əvvəlki kimi iştirak edə bilirsinizmi?
– Siyasi fəaliyyətim əvvəlki kimi davam edir. Sadəcə olaraq, AXCP sədri Əli Kərimli və bütövlükdə partiya rəhbərliyi belə bir qərar qəbul edib ki, mənim son dövrlər keçirilən icazəsiz aksiyalarda fəal iştirakıma ehtiyac yoxdur. Bu qərar hakimiyyətə əlavə bəhanə verməmək üçün qəbul edilib. Siyasi fəaliyyətimdə və partiya işində iştirakla bağlı bundan başqa məhdudiyyət olmayıb. Məhkəmə barəmdə hökm çıxarandan sonra da AXCP sədrinin müavini kimi üzərimə düşən vəzifələrin yerinə yetirilməsində tam sərbəst olmuşam, məhdudiyyətsiz fəaliyyət göstərmişəm. Son aksiyalarda da iştirak etmişəm. Şərti cəza vətəndaşın siyasi fəaliyyətinə hər hansı məhdudiyyətlər, qadağalar qoymur. Ona görə də hökm qüvvədə qaldığı müddətdə hər hansı problemin olacağını düşünmürəm.
Mən həm də müəllif yazıları yazıram. Amma nə məqalələrimdə daxili senzura anlayışını qəbul etmişəm, nə də müsahibələrimdə. Necə düşünmüşəmsə o cür ifadə etməyə çalışmışam. Sadəcə olaraq hər bir normal insana aid olan bir etik senzura var, bu, nəyi və necə ifadə etməklə bağlıdır və etika məsələsidir. Özümə siyasi və hüquqi baxımdan məhdudiyyət qoymamışam. Fikirlərimi doğru və obyektiv ifadə etməyə çalışıraım.
– Cəza alandan sonra icazəsiz aksiyalarda iştirak etmisinizmi?
– Sadəcə olaraq öndə dayanmamışam. Məsələnin təfərrüatına varmaq istəməzdim. Hər halda heç vaxt proseslərdən tam kənarda qalmamışam. Amma iştirak forması dəyişib.
– Reallaşdıra bilmədiyiniz təkliflər çox olur? Məsələn, xaricə getməklə bağlı…
– Müəyyən planlarım vardı, amma ölkəni tərk edə bilmədiyimə görə onları təxirə salmalı olmuşam. Bu yaxınlarda Naxçıvana getmək istəyirdim. Mən orada doğulmuşam. İran ərazisindən keçmək məsələsi olduğuna görə gedə bilmədim, çünki ölkəni tərk edə bilmərəm. Türkiyəyə getmək planı da vardı, məhkəmə hökmü çıxarılandan sonra təxirə salmalı oldum. Başqa əlacım yoxdur, məhdudiyyəti nəzərə almağa məcburam.
– Naxçıvana səfər təşkilati işlərlə bağlı idi?
– Xeyr. Valideynlərim orada yaşayır. Onlara baş çəkmək üçün getmək istəyirdim. Amma mümkün olmadı.