Vəzifəli şəxslərin övladlarının təhsil aldığı ali məktəbin rektoru da işdən çıxarılıb
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin toplantısında son dövrlər artan avtomobil qəzaları müzakirə mövzusu olub. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, daxili işlən naziri İsgəndər Mulikov yüksək vəzifəli şəxslərin övladlarının törətdikləri qəzalar barədə məlumat verib. Qurbanqulu Berdıməhəmmədov cəmiyyətin narahatlığına səbəb olan belə hadisələrin yolverilməz olduğunu söyləyib, qanunun və hüququn vəzifəli şəxslərin övladlarına münasibətdə tam gücü ilə işləməsinin zəruri olduğunu vurğulayıb. O, övladları yüksək sürətlə, o cümlədən sərxoş vəziyyətdə avtomobil idarə edən, insanların həyatları üçün təhlükə yaradan vəzifəli şəxslərin özlərinin də kənarda qalmayacağını, onlarla bağlı müvafiq addımların atılacağını dilə gətirib: “Xüsusilə yüksək vəzifəli şəxslər övladlarının təhsilinə və tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər. Pis tərbiyə edilən uşaqlar avtomobil qəzaları törətməklə bərabər, faciəli hadisələrə də səbəb olurlar”.
Qurbanqulu Berdıməhəmmədov elektrik enerjisi sənayesi naziri, Türkmənistanın nüfuzlu Politexnik İnstitutunda oxuyan oğlu avtomobil qəzası zamanı ölmüş Yarmuhammet Orazquliyevi pis bir ata olduğu üçün vəzifədən çıxarıb. Yarmuhammet Orazquliyev isə oğlunun həyatını itirdiyi qəza ilə bağlı Türkmənistan prezidentindən üzr istəyib. Qurbanqulu Berdıməhəmmədov Politexnik İnstitutunda oxuyan yüksək vəzifəli şəxslərin övladlarının içkili vəziyyətdə avtomobil idarə etmələri barədə bir neçə faktın olduğunu da qeyd edib və bu ali məktəbin rektoru Hıdır Saparlıyevi də vəzifəsindən uzaqlaşdırıb. O, təhsil naziri Gülşat Mammedovaya isə ağır töhmət verib.