Bakı “Eurovision” üçün uyğun yer deyil
Almaniyanın Yaşıllar Partiyasının nümayəndəsi Folker Bek mayda “Eurovision” mahnı müsabiqəsinin finalının keçiriləcəyi Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə pozulmasına diqqət çəkib. Bu yaxınlarda Azərbaycanda müxalifətin kütləvi etirazlarından sonra “İttifaq-90”/”Yaşıllar” partiyasının Almaniya bundestaqındakı fraksiyası mayın sonlarında “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə bağlı tənqidi gücləndirib. “Bakı qayğısız şənlik üçün uyğun yer deyil”, deyə aprelin 14-də DPA agentliyinə müsahibəsində “Yaşıllar” fraksiyasının icraçı katibi Folker Bek bildirib.
Bekin sözlərinə görə, “Eurovision” azərbaycanlılara baha – vətəndaşların həbsləri və evlərindən zorla köçürülməsi hesabına başa gəldi. Bundan başqa, Azərbaycanda seçkilərin nəticələri kobud şəkildə saxtalaşdırılır, ölkənin böyük neft gəlirləri yalnız Bakıda hakim təbəqələrə çatır. Lakin bu faktlar ictimailəşdirilmir, çünki jurnalistlər və blogerlər təqib olunur, ya da sadəcə həbsə atılır.
“Yaşıllar” partiyasının nümayəndəsi hesab edir ki, Bakıdakı rejim Azərbaycandakı əsl vəziyyət haqqında həqiqətləri, ölkədə çox sayda insanların ağır vəziyyətdə olduğunu gizlətmək üçün “Eurovision” finalından təbliğat məqsədilə istifadə etməyə çalışacaq. O, ifaçıları və festival qonaqlarına çağırış edir ki, Azərbaycan hakimiyyətinə açıq-aşkar söyləsinlər: “Biz sizin ölkənizdə oxuyub-oynamamışdan öncə siz siyasi məhbusları azad etməli, hüquqi dövlət normaları tətbiq etməli və kobud ayrı-seçkiliyə son qoymalısınız” (“Turan”).