“Əkinçi”nin oxunduğu kəndlərə indi qəzet getmirsə…

Ilham Əliyev bölgə ziyalıları ilə görüşüb. Ağstafadakı “Yazıçılar evi”ndə baş tutan həmin görüşdə bölgə ziyalılarının nə danışdığını bilmirəm, sadəcə yəqin edirəm ki, onlar dövlət başçılarını doyunca tərifləyiblər.
Bir şeyə də əminəm. O görüşdə heç kim durub deməyib ki, axı necə olur ilk qəzetimiz olan “Əkinçi”nin də oxunduğu kəndlərə indi qəzet gəlmir. “Əkinçi”nin Azərbaycan kəndlərinə necə yayıldığını tanınmış tarixçi professor Cəmil Həsənlidən eşitmişəm. Qəzet öz dövrünün üsulları ilə yayıla bilirdi. Amma indi bu kəndlərə qəzet gəlmir. Bəlkə bunun adı cahillik deyil? Ən azı bunun adı cahillik yaratmaq cəhdi deyilmi? Həm də problem təkcə Ağstafada deyil. Azərbaycanın bütün kəndlərində eyni durumdur.
2011-ci ilin rəsmi statistikasına görə, şanlı ölkəmizdə 4261 kənd var. Onların bir qismi işğal altındadır. Təxminən 30 kənddə işləməyən qəzet köşkü var. Azı 4000 kənddə qəzet köşkü yoxdur və qəzet yayılmır. Rəsmi statistikaya görə, əhalinin 46 faizi kəndlərdə yaşayır. Deməli, ölkə əhalisinin 46 faizi hələ də “Əkinçi”nin həsrətindədir. Onlar qəzet-jurnal ala bilmirlər. Hələ də Zərdabini gözləyirlər ki, onlar üçün qəzet buraxsın…
Amma bu dəfə “qəzet buraxmaq” ifadəsi başqa məna kəsb edir. Qəzeti nəşr etmək mənasında yox, sözün hərfi mənasında. Çünki qəzeti sadəcə kəndlərə buraxmaq lazımdır, onları nəşr edən də var, o kəndlərə aparmaq istəyən də. Hətta həsrətlə gözləyən oxucular da var. Özünüz nəticə çıxarın, kəndlərdə qəzet oxucuları haqda belə deyirlər: “Bərk oxuyandır, gedib rayon mərkəzindən qəzet alır, hətta başqasına pul verib Bakıdan gətizdirir.”
Dünyanın harasındansa Azərbaycana bahalı eşşəklər, əcaib ağaclar, otlar, çəmənliklər, zanbaqlar alan bu hakimiyyətin hər kəndə bir ucuz köşk qurmağa imkanı yoxdurmu? Amma onun köşk almağına, qurmağına ehtiyac da yoxdur. Mane olmasın, yayım şirkətləri, redaksiyalar, sahibkarlar özləri hər kənddə azı bir köşk quracaq.
Bunlar nə yaman qorxublar? 21-ci əsrdə əhalini qəzetsiz qoyub hər il milli mətbuat günü keçirirlər. Bayramda “Əkinçi”dən danışırlar, Həsən bəy Zərdabini öyürlər, mükafat verirlər, pul paylayırlar, timsah göz yaşları ilə mətbuatın problemlərindən, qayğılarından danışırlar…
Halbuki normal yayım şəbəkəsi olduğu halda, qəzetlərin satış tirajı məhz indiki şərtlər daxilində 3-5 dəfə çox olardı. Deməli, qəzetlər gerçək soyğunçuluqla üz-üzə qalıb. Deməli, saxta bayram keçirənlərin öz səbəbləri var. Özlərinin sevinməyə səbəbləri var. Onlar Zərdabi ənənəsinə qalib gəldiklərinə sevinirlər. Axı bu qələbə ortadadır…
4000 kənddə qəzet köşkü azı 4000 nəfərlik iş yeridir. Elə böyük kəndlər var, orada azı 2 köşk qurmaq olar. 1 milyonluq yeni iş yerindən şadyanalıq düzəldənlər nə əcəb bu yeni iş yerlərini açmağa tələsmirlər?!
Biz kəndlərdəki vəziyyətdən danışırıq, həm də elə danışırıq ki, guya Bakıda, digər şəhərlərdə, qəsəbələrdə vəziyyət çox yaxşıdır. Paytaxtın özündə qəzet almaq çoxlarına müşküldür. Çünki KIV məhsulları satılan məntəqələrin sayı azdır, şəhər boyunca onlar çox seyrəkdir. Yol üstündə duran səyyar satıcılar da artıq sıxışdırılıb, yoxa çıxmaqdadırlar. Qəzet həmişə uzaqdadır…
Bizim rəsmi statistikada bütün bu məsələlərə aid heç bir göstərici və rəqəm tapmazsınız. Çünki sərf etmir rəsmilərə. Amma vəziyyəti ifadə etmək üçün hesablar apara bilərik. Köşkləri, KIV məhsulları satılan yanacaq doldurma məntəqələrini, marketləri, səyyar satıcıları toplasaq, bizdə satış məntəqələrinin sayını hesablamaq olar. 2010-cu ildə bunu hesabladıq və dünyanın bəzi ölkələri ilə müqayisədə əcaib mənzərə alındı.
1 milyon əhaliyə düşən KIV məhsulları satış məntəqələrinin sayı:
Azərbaycan – 90
Rusiya – 333
ABŞ – 588
Çexiya – 770
Britaniya – 800
Macarıstan – 1110
Almaniya – 1175
Polşa – 1250
Göründüyü kimi, Azərbaycandakı vəziyyətin analoqu yoxdur. Il-ildən də bizdəki satış məntəqələrinin sayı azalır. Son vaxtlar hər ay azalır. Yəni hələ ƏKINDƏYIK!