Azərbaycan internet sürətinə görə 115-ci yerdədir

Osman Gündüz: «Provayderlər açıq-aşkar oğurluq edir»

«500 nəfərə paylanmalı olan trafik 1000-2000 nəfər arasında bölünür»

ABŞ-ın “Ookla” şirkətinin hazırladığı “NetIndex” reytinqinə əsasən Azərbaycan internetin sürətinə görə dünyada 115-ci yerdədir. Reytinqdə Azərbaycanın 20 internet-servis provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Qeyd edək ki, buna qədər də müxtəlif hesabatlarda internetin sürəti və keyfiyyətinə görə Azərbaycan son yerlərdə qərarlaşıb. Bəs bunun səbəbi nədir?

Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz Azərbaycan internetinin bir nömrəli problemi kimi keyfiyyətsizliyini göstərdi. Bunun da bir neçə səbəbi var. Ilk növbədə mövcud infrastruktur standartlara cavab vermir. Azərbaycanda geniş zolaqlı internet telefon xətlərinin üzərində oturub. Başqa ölkələrdə isə bunun üçün ayrıca xətt var. Eyni zamanda ölkəmizdə telefon xətləri bizdə yüksək sürətli internetin ötürülməsinə cavab vermir. Yəni telefon xətlərinin mövcud texniki parametrləri standarta uyğun deyil və bu səbəbdən də onun üzərindən yüksək sürətli internet buraxılanda qırılma baş verir.
Ekspert digər bir problem kimi isə provayderlərin çoxlu pul qazanmaq hərisliyini göstərdi. Provayderlər müqavilədə göstərilən sürəti əhaliyə vermir: “Elə bir sistem qurulub ki, verməli olduqları sürət son mənzilə çatmır. Çünki provayderlərin məqsədi daha az xərc çəkməklə daha çox gəlir götürməkdir. 500 nəfərə paylanmalı olan trafik 1000-2000 nəfər arasında bölünür. Bununla provayderlər açıq-aşkar oğurluq edir”.

Fizzə