Prezident məndən üzr istəmişdi…

…Amaşov isə gələcəkdə üzr istəyəcək

Srağagün ictimai fəallara və jurnalistlərə qoşulub Sabirabada getdim. Məqsəd şərlənərək həbs edilən vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevlə görüşmək və onunla bağlı problemləri öyrənmək idi. Rayon mərkəzində olarkən ilk dəfə buraya gəldiyimi xatırladım.
Mənim gəncliyim reportyorluqla keçib və o zamanlar bütün ölkəni gəzmişəm. Qaynar illər idi, fəal cəmiyyət, diri bir xalq vardı. Indiki kimi ölüvay cəmiyyətdə yaşamırdıq. Arzularla qaynayırdıq, hər yanda maraqlı müsahiblər adamı qarşılayırdı. Indi səninlə danışmağa qorxurlar, dediklərini də sonradan yazmamağı xahiş edirlər. Bəzən insan dərdini açır, zülm içində yaşadığını deyir, həyatını zəhərləyənlərdən söz açır, az qalır ağlaya. Amma biləndə ki, qəzetdənsən, yalvarır yazmayasan bunları. Çünki əzib, qorxudublar insanları. Ən adi problemləri danışmağa hər kəsin cəsarəti çatmır. Odur ki, indi qəzetçi kimi bölgələrə getmək də birtəhər olub.
Hər yerdə eyni mənzərədir. Heykəllər də eynidir. Bənzər Heydər parklarını görürsən. Mühit də eynidir. Düzdür, nadir istisna kimi Sabirabadda Məmməd Əmin Rəsulzadənin də heykəli var. Əliyevlər hakimiyyətə gəlməmişdən öncə qoyulan bu abidə icra hakimiyyəti binasının yan tərəfində qalmaqdadır.
Bəlkə də elə bu heykələ baxanda fikrim keçmişə getdi. 1993-cü il idi. Yağmurlu bir gündə prezident Əbülfəz Elçibəy Sabirabada səfərə getmişdi. O səfərdən   “Prezidentin bir səfəri ilə Sabirabad abad olan deyil” başlıqlı bir reportaj yazmışdım. Camaat tökülüb Elçibəyin üstünə gəlirdi. Prezidentə nə suallar vermirdilər?! Geosiyasi suallar verənlər də tapılırdı. Öz dərdini söyləyənlər də. Heç kim onlara mane olmurdu. Elçibəy də onlara səbirlə cavab verirdi. Dərdlərini öyrənirdi.
Hətta bir kişi iki inəyinin itməsini, polisin hələ də onları tapmadığını dedi. Əbülfəz bəy  dərhal polis rəisini çağırtdırdı, tapşırıq verdi. Icra başçısına isə tapşırdı ki, hələlik bu kişiyə dövlətin hesabından bir yaxşı inək versinlər və inəyin pulunu o özü maaşını alanda yollayacaq. Yaxşı yadımdadır ki, o kişi prezidentə “Elçi müəllim” deyə müraciət edirdi.
Həmin səfər zamanı mənim də başıma bir iş gəldi. Görüşlərin birində prezidentin cangüdənləri məni sərt şəkildə itələdilər. Bəlkə əlimdəki diktofondan ehtiyatlandılar. Elçibəy də bunu gördü. Onlara etiraz etdi və mənə tərəf gəldi. Bir şey olub-olmadığını soruşdu və məndən üzr istədi. Məni tanımırdı da, sadəcə jurnalist olduğumu bilirdi.
Mən də heç bir problemin olmadığını, cangüdənlərin qəsdlə etmədiklərini və öz işlərini gördüyünü söylədim. O isə bildirdi: “Sən də öz işini görürsən. Onlar sənə mane ola bilməz”.  
Hər şey ən azad ölkədə olduğu kimi baş vermişdi. Zatən biz doğrudan da azad ölkədə yaşayırdıq.
Indi biz hansı ölkədən hara gəlmişik. Xəcalət çəkməyə bilmirsən. Həqiqi jurnalistin və jurnalistikanın düşməni olan prezident özünü jurnalistlərin dostu elan etdirir. Dünən mən onu jurnalistlərin dostu elan edən Əflatun Amaşovun rəhbərlik etdiyi quruma – Mətbuat Şurasına getmişdim. Həmkarım Xədicə Ismayılın YAP qəzetləri ilə bağlı şikayətlərinə baxılırdı. Xədicə xanım onu təhqir edən, barəsində şəxsi həyat toxunulmazlığına zidd olan məqalələr yayan bu qəzetlər barədə ciddi ölçü götürülməsini –  bu qəzetlərin qara siyahıya salınmasını və ondan üzr istənilməsini tələb etmişdi. Əvəzində nə oldu? Amaşovun komissiyası peşə davranış kodeksinin bir neçə prinsipinin pozulduğunu etiraf etdiyi halda, jurnalistlərin dostunun qəzetlərinə sadəcə irad və tövsiyə verdi. Gülməli olan odur ki, eyni irad və tövsiyəni Xədicə xanıma da bildiriblər. Deyəsən, Amaşovun gənc davamçısı Müşfiq Ələsgərov da haqqında yazdığım məqalədə olmayan “uzurpator” sözünü əsas götürüb, mənə də irad bildirmək istəyirdi.
Bir sözlə, bir daha kimə və nəyə xidmət etdiyi bəlli olan Mətbuat Şurası biabırçı yazılara görə iqtidar qəzetlərindən Xədicə xanımdan üzr istənilməsini belə tələb etmədi. Eybi yoxdur, bir gün gələr Amaşov hamımızdan, elə məndən də üzr istəyər. Talançı iqtidara qulluq edib, bu ölkənin ən pis günlərə gətirilməsində oynadığı rola görə.
 ***
Əbülfəz Elçibəyi “bizi Iranla düşmən edirdi” deyərək bəyənməyənlər indi özləri elə ediblər ki, dostumuz olan bircə ölkə yoxdur. Iran da az qalır başımıza çıxsın. Ölkənin bəlli bir qismi isə Irana işləyir – yəni Azərbaycana qarşı. Özləri də bunu etiraf edirlər.