Aprelin 13-də “Bütöv Azərbaycan qadınları birliyi” RATİ-nin ofisində “Qondarma Erməni genosidi, Azərbaycan və Türkiyənin görəcəyi tədbirlər” mövzusunda konfrans keçirib. Konfransı qurumun təşisçilərindən biri, yazar Zümrüd Yağmur aparıb. O, bir il əvvəl təsis edilən qurumun məqsəd və hədəfi baradə qısa məlumat verəndən sonra çıxış və müzakirələr başlayıb.
Qurumun təsisçilərindən Yasəmən Qaraqoyunlu çıxışında bildirib ki, əslində təkcə Qarabağ yox, Qərbi Azərbaycan torpaqlarını da unutmamalıyıq və bu gün hakimiyyətdə təmsil olunan Qərbi azərbaycanlılar bu haqda çiddi düşünməlidirlər.
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Türkiyə və Azərbaycanın birgə görə biləcəyi işlərlə bağlı konkret təkliflə çıxış edib. Bildirib ki, əslində iki ölkə strateji əməkdaşlığı möhkəmləndirməklə bu problemi həll edə bilər.
AXCP sədrinin müavini Nurəddin Məmmədli problemin kökündə duran əsas faktlara nəzər salaraq deyib ki, problemin bir həll yolu da Qüzey Azərbaycanın demokratikləşməsidir.
Sonrakı çıxışçılar – Milli Demokrat (Bozqurdlar) Partiyasının sədri Qələndər Muxtarlı, AXCP Rəyasət heyətinin üzvü Xaliq Bahardır, alim Firudin Cəlilov, İctimai Palatanın üzvü Mirfeyzulla Seyidov, Dünyəvi Bozqurdlar partiyasının sədri Şakir Ulubəy, Bütöv Azərbaycan gənclər birliyinin sədri Ruslan İzzətli və başqaları da qondarma erməni soyğırımı, Qarabaq və Qərbi Azərbaycanla bağlı tarixi faktlardan bəhs edib, problemin kökündə duran problemin yalnız erməni iddıaları yox, həm də Rusiyanın bölgədəki imperiya maraqları ilə bağlı olduğunu deyiblər. Konfransda Türkiyənin qondarma genosidlə bağlı üzləşdiyi problem və bu problemlərdən birgə çıxış yolları geniş müzakirə olunub.
İki saat sürən konfransın sonunda qərara alınıb ki, bu kimi tədbirlərin keçirilməsi vacibdir, çünki topluma davamlı olaraq milli məsələ və problemlərlə bağlı məlumatlar ötürülməlidir.
“Bütöv Azərbaycan qadınları” saxta genosidi müzakirəyə çıxardı
•