Ölkəni Bıdıların “qorxmuram!” deməsi dəyişəcək

saadet-cahangir-koseSəadət Cahangir

Daha sadə şəkildə danışa bilərik. Lap elə hər kəsin gördüyü bu filmdə olduğu kimi. “Bir qalanın sirri”ni deyirəm. Xalq nağılları havadan uydurmur, öz yaşadıqlarından götürür. İndi siz də hər şeyi bu filmdəki kimi təsəvvür edin. Arzularınızı tilsimə salmış, yolunuzu bağlamış, suyunuzu kəsmiş zalım bir güc durur qarşınızda. Elə bir şər qüvvə ki, addım atdığınız hər yerdə tor qurub, quyu qazıb, çıxış yollarını sehrlədib, əl uzatdığınız bütün ipləri kəsdirib. Çox hiyləgər, qəddar və amansızdırlar. Amma bu tilsimin içindən çıxmalısınız. Necə olursa-olsun, çıxmalısınız. Daha bir “olmazsa, olmaz” məsələsidir bu, ölüm-dirim məsələsidir. Bir saray, bir zindan və bir də saraya qarşı savaşan bir qrup qəhrəman.  Bütün hiyləgər və zalım planlar sarayda qurulur, zindana salınanlar da o planı pozmaq istəyən açıqgözlülərdir.  Qaranlıq divarlar onların görməsini əngəlləmək üçündür. Lakin anlamaq hissi belə itmiş əzici fərmanları icra edən o adamların. Anlamaq istəmirlər ki, görmək təkcə gözlə bağlı olan duyğu deyil. İnsanlığın qazandığı bütün dəyərlər könül gözünün, qəlbin ortaya çıxardığı məhsullardır. Dünyanın ən böyük rəssamlarının belə qəlb gözü görmədən yarana bilməzdi o ecazkar əsərləri. Nə çox çevrədə dördgözlü kor adamlar. O adamlar elə həmin yüz minlərə zülm edən, onları həbslərdə boğan, xalqı xilas etmək istəyənlərə quyu qazan dediyim zalımlardır. Böyük savaş məhz onlarla çoxluğun-xalqın arasında gedir. Xeyirlə şərin, gecə ilə gündüzün savaşı. Savaşın uzanması bircə səbəbə bağlıdır ancaq.  Xalqın içindəki xof. Bu lənətə gəlmiş xof  insanların içində elə yuvalayıb ki, çıxarmaq olmur ki, olmur. Bax, öndə gedən qəhrəmanlara arxa çıxmaq istəyindən, içindəki etirazı  dilə gətirmək hissindən çəkinmək də bundan irəli gəlir. Kimsə başqa bəhanə gətirməsin, onsuz da inandırıcı görünməyəcək…

 

Bəli, gəlin, daha sadə dildə danışaq. Elə xalqın öz dilində. Sizin illərdir böyütdüyünüz o xofun ucbatından bu ölkədə nələr baş verir, bilmirsiniz? Bu ölkənin necə talandığını, cibinizin necə boşaldıldığını, haqqınızın necə oğurlandığını, bu ölkə üçün çalışıb-vuruşanların həbsxanalara necə doldurulduğunu, bilmirsiniz? Sizin övladlarınızın gələcəyi üçün həm zindanda, həm də çöldə ölüm təhlükəsi ilə üz-üzə savaşanları görmürsünüz? O insanların, onların balalarının, yaxınlarının nələr çəkdiyini necə görməzliyə vurursunuz? Necə qapayırsınız pəncərənizin pərdələrini, küçənizdəki o insanlardan birini həbsxana maşınına basıb aparanda? Necə rahat uyuyursunuz gecələr, gözünüzə necə yuxu gedir? Bəlkə də, yuxunuz pozulub artıq.  Durum çox pisdir, ölkə qıtlıq və yoxsulluq böhranının bir addımlığındadır. Daha betər olacaq, bunu kimsənin inkar edəcək gücü yox artıq. Hər şey dalana dirənib. Hər şey heysiz və yorğun düşüb,  bircə o zalımların qılıncından başqa. Bu qədər əzməklə, boğmaqla, zindanlara doldurmaqla da ürəkləri soymur. Dəyər adına qalan hər şeyi zərrəsinə kimi məhv etmək istəyirlər. Gəlin, açıq danışaq. Siz bu ölkədə belə miskin, tapdanmış, aşağılanmış həyatımı seçirsiniz, yoxsa haqlarınız uğrunda savaşan qəhrəmanların dəyər mübarizəsinə dəstək olmağımı? Mən əminəm ki, siz birincini seçmək istəmirsiniz, bu harınlığa, özbaşınalığa, zalımlığa da nifrət edirsiniz. O zaman səsinizi ucaltmaqdan, haqqınızı istəməkdən çəkinməyin. İnanın, hər şey, bax, o filmdəki kimidir. Hər şey Bıdıların illərdir içində böyütdüyü xofu öldürüb, Göygöz Kosaya “səndən qorxmuram!” deməsinə, Hadıların yanında dayanmasına bağlıdır.  Bütün tilsimlərin sınması da o kəlmədədir elə…