Cəmiyyət “Azadlıq”ın nəşrinin bərpasına dəstəyini əsirgəməməlidir

eli_orucovƏli Orucov, AMİP Siyasi Şurasının üzvü

“Azadlıq” qəzetinin çapının dayandırılması hakimiyyətin azad sözə və müstəqil fikrə dözümsüz yanaşdığının daha bir bariz nümunəsidir. Bununla iqtidar yenidən sübut etdi ki, illərdən bəri demokratik dəyərlərə olan aqressiv münasibətini nəinki dəyişməyib, hətta sərtləşdirib.
Onsuz da “Azadlıq” qəzeti çapını kollektivin fədakarlığı sayəsində çox çətinliklərə sinə gərməklə həyata keçirirdi. Maliyyə sıxıntıları, əməkdaşlara olan hücumlar, təqiblər, ədalətsiz yanaşma, hakimiyyətin tətbiq etdiyi ayrı-seçkilik, davamlı basqılar bu mətbuat orqanının oxuculara dəqiq, operativ və obyektiv məlumatlar çatdırılmasında ciddi əngəllər yaradırdı. Hətta bütün bunlarla da ürəkləri soyumayaraq daha ağılasığmaz üsullarla qəzetin çapını tam dayandırmağa əl atdılar.
Görünür, “Azadlıq” qəzetinin tutuduğu mövqe, demokratik mətbuata sadiqliyi, prinsipiallığı ilə bərabər, həm də bu qəzetin adı iqtidarın xoşuna gəlmir və onu ciddi narahat edir.
Hesab edirəm ki, cəmiyyət ölkədə hər şeyin “boz ” rəngdə olmasını istəməyərək, informasiyasız mühitdə, qapalı şəraitdə qalmasına kəskin etiraz səsini ucaltmalı, azad mətbuatın daşıyıcılarından olan “Azadlıq”ın nəşrinin bərpasına dəstəyini əsirgəməməlidir.