Mingəçevir hələ çoxmu başsız qalacaq?

Bu gün yalnız «büdcəyə tamah salmış» şəxs icra başçısı olmağa razılıq verər

Təxminən bir aydır ki, Mingəçevir şəhər Icra Hakimiyyəti başsız qalıb. Qeyd edək ki, 2007-ci ilin dekabrından bu il martın ortalarınadək şəhərə Mübariz Ağayev rəhbərlik edib. Lakin martın 1-də Qubada baş vermiş məlum hadisələrdən sonra M.Ağayev həmin rayona icra başçısı təyin olundu. Çox qısa bir zaman kəsiyindən sonra “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun adamı kimi tanınan Əvəz Qocayevin Mingəçevir şəhərinə icra başçısı təyin olunacağı barədə məlumatlar yayıldı. Məlumatlarda o da qeyd olunurdu ki, Ə.Qocayev “Azəryolservis”də qeyri-rəsmi funksiyası ölkə başçısının keçdiyi yollara nəzarət etmək olan departamentə rəhbərlik edir. Hətta Ə.Qocayevin təyinatıyla bağlı ölkə başçısının sərəncamının hazır olması və yaxınlarda elan ediləcəyinə dair məlumatlar da yayılan xəbərlər sırasında idi. Ancaq bir aya yaxın müddət ötməsinə rəğmən, deyilənlər təsdiqini tapmayıb. Əldə etdyimiz məlumatalra görə, bütün bunlar səbəbsiz deyil.
Öncə xatırladaq ki, ölkənin 4-cü şəhəri sayılan Mingəçevirə uzun illərdir rəsmi və ya qeyri-rəsmi nəzarəti nəqliyyat naziri Ziya Məmmədov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev həyata keçirib. Hətta 2007-ci ildən bu nəzarətin böyük ölçüdə E.Pirverdiyevdən alınaraq tamamilə Z.Məmmədova verildiyi deyilir. Bu üzdən şəhərə rəhbərliyi məhz Nəqliyyat nazirinin çevrəsindən olan birinə həvalə olunması gözlənilirdi. Ə.Qocayev də həmin dairənin nümayəndəsidir. Lakin Qocayevin indiyədək Mingəçevirə icra başçısı təyin olunmasının yubanması müxtəlif səbəblərlə izah edilir. Belə ki, yetərincə maliyyə-iqtisadi resurslara nəzarət edən “Azəryolservis” ASC-nin çəkdiyi və təmir etdiyi yolların bu ilin qış aylarında yağan qardan sonra bərbad vəziyyətə düşməsi və bundan prezidentin ciddi şəkildə narahat olması barədə xəbərlər yayılıb. Paytaxtda, eləcə də regionlarda daxili yolların təmir-bərpası funksiyasının “Azəryolservis” ASC-dən alınaraq yerli icra hakimiyyəti orqanlarına verilməsi isə bu narahatlığın heç də əsassız olmadığına işarədir.
Bu fürsətdən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin maksimum yararlanmaq istəyi də dalana dirənib. Belə ki, bir müddət öncə, parlamentdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə E.Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib. “Azərenerji” ASC rəhbərinin ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağlayaraq, külli miqdarda dövlət vəsaitini taladığını deyən Ç.Qənizadə Hesablama Palatasının milyonların talandığı “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Respublika Baş Prokurorluğuna göndərməsini təklif etməsi E.Pirverdiyevi əməlli-başlı əndişələndirib.
Yeri gəlmişkən, bir əli Mingəçevirdə olan “Azərenerji” rəhbərinin şəhərdə illərdən bəri yarımçıq qoyduğu bir neçə iri layihə mövcuddur ki, onlardan da ən böyüyü şəhərin mərkəzində tikintisi yarıda saxlanılmış Heydər Əliyev mərkəzidir. “Azərenerji”də rəhbərliyin başının gah Dövlət Bayrağı meydanının inşasına, gah da “Avroviziya”ya qarışdığını bəhanə edərək Mingəçevirin mərkəzində şəhər sakinləri üçün göz dağına çevrilmiş bu yarımçıq binanın taleyinə nə vaxt aydınlıq gətiriləcəyi sualına cavab verməkdən boyun qaçırırlar.
Mövzuyla bağlı bir maraqlı məqamı da qeyd etməyə bilmərik. Belə ki, ölkənin əksər şəhər və rayonlarından fərqli olaraq Mingəçevirdə icra başçısı olmaq istəyənlərin sayı hər zaman, son illərdə isə ələlxüsus elə də çox olmayıb. Bu da səbəbsiz deyil. Əhalisinin sayı stabil olaraq 120 min nəfər olan (bunun da 20 mini qaçqın və məcburi köçkünlərdir) şəhərin ərazisi 139.53 kvadrat km-dir. Rəsmi məlumatlara görə, şəhərdə əmək qabiliyyətli insanların sayının 50 min nəfərdən çox olmasına baxmayaraq, onların təxminən 20 minə yaxını işlə təmin olunub. Ümumiyyətlə, ərazisi o qədər də böyük olmayan və vaxtilə 40-50 min insanın yaşaması üçün nəzərdə tutulmuş Mingəçevirə vaxtaşırı olaraq qapalı şəhər statusu verilməsi məsələsi gündəmə gəlsə də, indiyədək bu reallaşmayıb. Indiki halda Mingəçevirə təyin olunacaq yeni icra başçısı bir qədər kobud səslənsə də, yalnız “büdcəyə tamah salıb” bu posta təyinata razılıq verər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, ərazisi çox da böyük olmayan şəhərdə satılası torpaq sahəsi faktiki olaraq qalmayıb. Sovetlər dönəmindən qalmış hektarlarla ərazisi olan və bu gün heç bir fəaliyyət göstərməyən zavodlar isə Iqtisadi Inkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, ya da hansısa nazir-oliqarxın nəzarətindədir. Razılaşaq ki, hazırkı məqamda bütün bu sadaladıqlarımız heç də az əhəmiyyəti olmayan məsələlərdir.

Azər