Maraqlıdır, Israil-Azərbaycan məsələsi hələ də gündəmdə qalıb. Daha çox maraq kəsb edən detal isə ABŞ-ın buna münasibəti oldu. Təbii ki, biz bunu yazılanların və deyilənlərin əsasında vurğulayırıq. Israil dünyada bəlkə də əsas dövlətdir ki, Iranı həqiqətən özü üçün təhlükə hesab edir. Amma ABŞ-ın münasibəti daha çox siyasi münasibətdir. Bu ölkə təhlükə simvolu olmadan yaşaya və mövcud ola bilmir. Son vaxtlara qədər bu simvol Bin Laden idi, o, öz missiyasını başa vurandan sonra bu yeri Iran tutdu. Ona görə də hələ bir müddət Iran ABŞ-a “lazım” olacaq.
Bəlkə də mənim yazdıqlarım bir qədər qəribə görünəcək. Amma hər şeyin sadə izahı var. Müdafiə xərcləri bütün dövlətlərin büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir. ABŞ-da bu xərclər lap fantastik miqyasdadır, Rusiya kimi dövlətin ümumi büdcəsindən belə, artıqdır. Bu qədər xərclərə bəraət qazandırmaq lazımdır, ya yox? Əlbəttə, lazımdır. Ona görə də Irana və başqa təhlükələrə “ehtiyac” var.
Israil isə belə düşünmür, onu konkret olaraq özünün təhlükəsizliyi maraqlandırır. Mən bir ara düşünürdüm ki, bu müdafiə xərclərini bir qədər dinc məqsədlərə doğru yönəltmək mümkün olsaydı, dünya nə qədər irəli gedərdi! Amma o da var ki, dünya siyasətsiz idarə oluna bilmir, müharibəyə görə və hətta müharibənin olmamasına görə də xərc çəkmək, pul xərcləmək lazım gəlir.
Deyirlər ki, pul olacaq…
Hə, deyəsən partiyalar pullaşacaq. Artıq müvafiq qanun layihəsi müzakirəyə çıxarılır, hələlik müxtəlif partiyaların rəyi öyrənilir. Amma mənim buna görə heç də sevinməyim gəlmir. YAP-ın pulu yox idi? Maliyyə məsələsi həll olsa, onun böyük hissəsi ona çatacaq. Əsl müxalifət partiyaları isə kənarda, ciddi maliyyə böhranı ilə müşayiət olunan durumda qalacaq. Kiçik partiyalar buna onsuz da “biznes” kimi baxır. Onlar düşünürlər ki, nə versələr, bir qənimətdir.
Onsuz da bütün cəmiyyət bu psixologiya ilə yaşayır – bəy verən atın dişinə baxmazlar! Partiyaların maliyyələşməsi daha çox ümumi məsələdir. Bunu yalnız dövlətin resursları hesabına etmək olmaz. Üzvlük haqları var. Indi onları bir növ leqallaşdırmaq istəyirlər. Bu, müxtəlif qruplardan olan insanları bir az da partiyalardan uzaq salacaq. Başqa resurs ianələrdir. Hökumətin qorxusu iş adamlarını partiyalara dəstək verməkdən çəkindirir.
Mən elə bu yerdə bir məsələni də qeyd etmək istəyirəm. Partiyalara vəsait daha çox seçkilər zamanı gərək olur. Ona görə də seçki fondlarının inkişafına təkan vermək lazımdır.
Indi nə olacaq? Təbii ki, dövlət müəyyən vəsait ayıracaq. Bunun əhəmiyyətli hissəsi hakim partiyaya, qəpik-quruş isə kiçik, cırtdan partiyalara çatacaq. Adı da olacaq ki, dövlət siyasi partiyaları maliyyələşdirir…
Əsl Qərbçiləri də anmaq lazımdır…
Indi bir şey yazacağam, o, sizə daha qəribə görünəcək. Deyəcəksiniz ki, özümüzü unutmuşuq, öz dahilərimizi yada salmırıq, gör, bu, nədən yazır?! Amma mən də tərs adamam. Bəli, bu günlərdə rus yazıçısı A.Gertsenin yubileyi oldu. O haqda ruslar çox yazdılar. Mən bu adamda bir şeyi qiymətləndirmişəm. Çox adam ruhdan düşəndə, “Daha heç nə etmək mümkün deyil!” deyəndə belə, bu adam həvəsdən düşmədi, öz dərgisini nəşr etdirdi. Yazarlar deyir: “Bizim hamımız Qoqolun ”şineli”ndən çıxmışıq!”. Inqilabçıların da hamısı məhz elə Gertsenin “şineli”ndən çıxıb. Bunu etiraf etmək lazımdır. Onların bizim istiqlaliyyət və azadlıq memarlarına da böyük təsiri olub.
Ikinci detal isə elə budur ki, bu adam – Gertsen həmişə və bu gün də müxalifətdədir. Onu bəzi adamlar izafi qərbçiliyinə, digərləri inqilabçılığına, başqa biriləri isə daha nə bilim, hansı keyfiyyətinə görə bu gün də yamanlayırlar. Bəlkə də əsl mütəfəkkir və ideya adamı elə belə də olmalıdır… Dirilər ölülərlə polemikadadırsa və bu polemika bir an səngirmirsə, demək, ölülər sağdır, əsl ölülər dirilərdir. Sovet vaxtında onu göylərə qaldırdılar, sonra endirmək istədilər, lakin daha sonra başa düşdülər ki, onu endirmək o qədər də asan deyil və başladılar təzədən analiz və təhlil etməyə. Daha nə demək olar? Ölülərə rəhmət diləmək, dirilər üçün dua etmək…

Dirilər ölülərlə polemikadadırsa…
•