Anasını Nemət Pənahlının yanına əlil arabasında aparacaqlar

“Uzun müddətdir çalışırıq ki, Neməti ağır xəstə olan anası ilə bir saatlıq görüşdürək”. Bunu, “Media forum”a açıqlamasında məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib. H.Pənahlı Penitensiar Xidmətə və 17 saylı Cəzaçəkmə Müəssisəsinə onlarca məktub göndərdiyini vurğulayıb:
“Məqsədim o idi ki, Nemətə anası ilə görüşmək icazəsi verilsin. Müraciətlərimə heç bir reaksiya olmadı. Əvəzində Nemətə əfv ərizəsi yazdırmaq istədilər. Əfv ərizəsi yazmaq isə günahı boynuna götürmək demək olardı. Son çıxış yolu kimi, gələn həftənin əvvəli qayınanamı Nemətin yanına aparmaq istəyirəm. Bir xəstəxana ilə danışmışam ki, mənə müvəqqəti əlil arabası versinlər, anasını Nemətin yanına aparım. Nemətin anası bir addım da ata bilmir. Məcburam onu əlil arabasında görüşə aparım. Çünki Nemət deyir ki, nəyin bahasına olur-olsun, anamı gətirin görüm”.
N.Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. O, Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində saxlanır.