Rafiq Əliyev: «Siyasi xadimin qohumu olduğuna görə kimisə həbsə atmaq eybəcərlikdir»
Eldəniz Quliyev: «Əli Kərimli dünənin yox, sabahın siyasətçisi olduğuna görə ondan çəkinirlər»
“Istintaq ”Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovu süni şəkildə həbsdə saxlamaqla məşğuldur”. Bunu, E.Seyidovun vəkili Əsabəli Mustafayev deyir. Onun sözlərinə görə, bu təqiblər siyasi mahiyyət daşıyır və Ə.Kərimliyə təsir göstərmək üçün istifadə olunur: “Siyasi xadimə təsir göstərmək, onun mövqeyinin dəyişməsinə nail olmaq üçün qohumlarına, yaxınlara təzyiq edirlər. Həmin şəxslərin azadlıq, mülkiyyət, həmçinin digər hüquqlarını məhdudlaşdırırlar.
Əli Kərimlinin qaynına qarşı yol verilən bu münasibət həm yerli, həm beynəlxalq qanunlara ziddir. Bu işi təşkil edən orqanlar bu barədə düşünməlidilər”.
Ölkənin tanınmış ziyalıları da Ə.Kərimlinin qohumuna qarşı baş verənləri ədalətsizlik kimi qiymətləndirirlər.
Tanınmış ziyalı, akademik Rafiq Əliyev hesab edir ki, kimisə Əli Kərimlinin qohumu olduğuna görə həbsə atmaq eybəcərlikdir: “Hər bir şey hüquqi müstəvidə olmalıdır. Bu müstəvidən bir addım da qırağa çıxmaq olmaz. Siyasi motivlərə görə belə şeylər etmək yolverilməzdir. Hətta Stalinin vaxtında oğul ata üçün məsuliyyət daşımırdı. Siyasi xadimə qohum olduğuna görə kimisə həbsə atmaq eybəcərlikdir”.
Tanınmış ziyalı Eldəniz Quliyev isə hesab edir ki, burada təəccüblü heç nə yoxdur: “Bizim hakimiyyət eynilə sovet dövrünün üsulu ilə işləyir. O zaman da yalançı ittihamlar, qohum-əqrəbanın tutulması var idi. Burada təəccüblü olan odur ki, artıq 21-ci əsrdir, bunların təfəkkürü və idarə üsulu isə keçmişdə qalıb. Şər-böhtan üsulu da əvvəlki kimi qalıb, bəlkə bir az yeniləyiblər. Azərbaycanda baş verən hadisələr göstərir ki, ölkədə baramaqurdu siyasəti yeridilir. Bunlar antiinsani, antidemokratik hərəkətləri ilə bizim alın tərimizlə qazandığımız müstəqilliyi məhv edirlər.
Əli Kərimli dünənin yox, sabahın siyasətçisidir. Buna görə də ondan çəkinirlər, özünə, yaxınlarına qarşı mütəmadi olaraq “qara piardan”, qara texnologiyalardan istifadə edirlər”.
Xatırladaq ki, E.Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, nazirliyin təcridxanasında saxlanılır və Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.
E.Seyidovun həbsindən apelyasiya şikayəti verilsə də, məhkəmə birinci instansiyanın onun barəsində çıxardığı üç aylıq həbs qərarını qüvvədə saxladı.
Gültəkin