Amma o, təsəvvür etmirdi ki, hakimiyyəti ələ keçirənlər bu qədər tamahkar ola, bu qədər faciələr törədə bilərlər
Xalqımızın qanlı fəlakətlərinin əsasını qoyan hadisələr…
1991-ci ilin əvvəllərində mən Çexoslovakiyadan Zaqafqaziya Hərbi Dairəsinin Qərargahına şöbənin baş zabiti vəzifəsinə keçirildim. O zaman Moskvanın qətiyyən xoşuna gəlməyən Zviad Qamsaxurdiya Gürcüstanın prezidenti seçilmişdi. 1991-ci il avqustun 19-21-də, QKÇP adı ilə tarixə düşən həmin hadisələr ərəfəsində bütün sovet respublikalarında, o cümlədən Gürcüstanda hamı dərin sükut və narahatlıqla bu hadisələrin necə başa çatacağını gözləyirdi: SSRI bərpa olunacaqmı, yoxsa, onun tam dağılması gerçəkləşəcəkmi?
İsa Sadıqov
Qamsaxurdiya necə devrildi?
Gürcüstanın o zamankı müdafiə naziri Kitovani özünə sədaqətli olan hərbi hissələrlə birlikdə Qamsaxurdiyaya qarşı müxalifətə keçdi. Əlbəttə, onun hansı niyyətləri planlaşdırdığı heç kimə sirr deyildi. Eyni zamanda, onun Hərbi Dairə ilə əlaqələri, həmçinin Rusiya xüsusi xidmət orqanları ilə münasibətləri də çoxlarına bəlli idi. O, çox sərbəst şəkildə öz avtomobili və korteji ilə Hərbi Dairənin ərazisinə daxil olurdu. Baxmayaraq ki, hətta Qərargahın əməkdaşları belə, içəri daxil olarkən vəsiqələrini təqdim edir və nəzarətdən keçirdilər.
Kitovani Hərbi Dairə tərəfindən bütün zəruri vasitələrlə, o cümlədən silah-sursat və hərbi texnika ilə təmin edilmişdi. 1991-ci il dekabrın sonu və 1992-ci il yanvarın əvvəllərində qarşıdurma hərbi toqquşma və vətəndaş savaşı fazasına keçdi. Kitovani və Jaba Ioseliani Zviad Qamsaxurdiyaya sədaqətli olan hərbi hissələr və qvardiya ilə hərbi toqquşmaya başladılar. Onlar Qamsaxurdiyanın qüvvələrini sıxışdırıb prezident aparatında və onun zirzəmilərində mühasirəyə almağı bacardılar. Prezident aparatının özü və ətraf ərazilər hərbi texnika və canlı qüvvə ilə mühasirəyə alındı. Mən bir neçə dəfə bu qarşıdurma ərazisində oldum, oraları şəhərin mərkəzi küçəsi olan Rustaveli prospektindən müşahidə etmək imkanım oldu. Ətraf binalar yandırılır və məhv edilirdi. Dəhşətli mənzərə idi və gürcülər bir-birinin qanını tökür, öldürürdülər.
Burada xüsusi olaraq qeyd etməliyəm ki, Zaqafqaziya Hərbi Dairəsinin hissələri, xüsusilə de Vazianidə yerləşən 171-ci diviziyanın “Letuçaya mış” adlandırılan kəşfiyyat batalyonu Kitovani tərəfindən hərbi əməliyyatlara qatılaraq, Gürcüstandakı vətəndaş savaşında iştirak edirdi. Qarşıdurma açıq-aşkar qeyri-bərabər şəkil almışdı və Qamsaxurdiya onu əhatə edən insanların təkidilə Tbilisidən çıxmağa məcbur edildi. O, əvvəlcə Azərbaycana, daha sonra Ermənistana keçməyə cəhd etdi, amma buralarda onu qəbul etmədilər. Bundan sonra o, Çeçenistana uçdu və Dudayev onu qəbul etdi. Amma bununla da savaş başa çatmadı. Qamsaxurdiyanın tərəfdarları Qərbi Gürcüstanda ciddi döyüşləri davam etdirdilər. Bu, o zamanlar baş verirdi ki, Abxaziyada və Cənubi Osetiyada da qanlı döyüşlər gedirdi. Bu vətəndaş savaşı onunla neticələndi ki, qan içində çabalayan Gürcüstan bu torpaqları itirdi.
Elçibəy nahaq yerə qanın axmasına imkan vermədi…
Bu olayların bəzi detallarını ona görə yazdım ki, həmin hadisələrin bizim üçün də hazırlandığı və həyata keçirildiyi, başımıza gələnlərin təsadüfi olmadığı aydın görünsün. Bu hadisələr bizim gözlərimiz qarşısında baş verdi, ona görə də deyə bilərəm ki, Elçibəyi o zaman bir qədər daha sərt və daha qəddar davranmamaqda ittiham edənlər özlərinin necə səhvə yol verdiyinin fərqinə varmalıdırlar. Azərbaycanda bu planlar daha geniş miqyaslı və daha qəddar şəkildə nəzərdə tutulmuş, daha böyük itkilərə hesablanmışdı. Elçibəyin bu dalana girmədən atdığı addımın əhəmiyyəti də məhz bundan ibarət idi ki, o, Azərbaycanı daha güclü və daha məkrli qonşuların qurduğu tələyə salmadı. Qarşıdurmaya, daha ağır itkilərə, vətəndaş müharibəsinin nahaq yerə axıdacağı qana imkan vermədən…
Elçibəy əla bilirdi ki, Gürcüstanda nələr baş verib və bu olayların arxasında kimlər dayanırdı. Elçibəy, eyni zamanda, Azərbaycanda da bu oyunların içinə kimlərin girdiyini çox gözəl bilirdi, amma o, özünü və hakimiyyətini bu qanlı-qadalı oyunlara qurban verərək, milləti və ölkəni hakimiyyət uğrunda savaşın doğuracağı faciənin tərəfinə çevirmədi. Amma o, heç cür təsəvvür edə bilməzdi ki, ölkə bu hakimiyyət dəyişikliyindən bu qədər itirə bilər, hakimiyyəti ələ keçirənlər bu qədər tamahkar ola bilər və ölkədə tamamilə lüzumsuz yerə bu qədər faciələri törədə bilərlər. Elçibəy bu oyunu quranları da, bu oyunun piyadalarını da gözəl tanıyırdı. Buna görə də arxasında bəlli məkrli qüvvələrin dayandığı bu yerli piyadalarla toqquşmaya gedənlərin hansı dağıdıcı nəticələrinin olacağını əla hesablayırdı. Kimsə belə hesab edirsə ki, Elçibəyin bu adamlara və qüvvələrə müqavimət göstərmək üçün gücü yox idi, səhv edir. Bunun üçün onun kifayət qədər imkanları vardı və mən bunu tam məsuliyyətimlə bildirirəm. Ən azı, Qərb qoşun birləşmələri onun sərəncamında idi. O, ölkənin prezidenti və Ali Baş Komandanı idi və biz onun tabeçiliyində idik.
Elçibəyin ən böyük günahı mənsub olduğu millətə həddən artıq bağlı olması və onu həddən artıq çox sevməsi idi. Axı, o, hakimiyyətə heç hakimiyyət xatirinə də gəlməmişdi. O, hakimiyyətə gəlməyə bizim tanıdığımız Elçibəy olaraq, öz milləti ilə bir yerdə olmaq üçün qərar verdi.
Elçibəyə abidələr ucaltmağa gərək yoxdur, çünki o, öz xalqının qəlbində bir abidəyə çevrilib…
Surətin ətrafındakı məsləhətçilər
Bu yığcam olmayan izahatdan sonra bilavasitə iyun qiyamı ilə bağlı hadisələrin təsvirinə keçək. Həmin hadisələrə ki, 1993-cü ildəki dövlət çevrilişindən sonra Azərbaycan xalqının və Azərbaycanın özünün böyük, qanlı fəlakətlərinin əsasını qoydu.
Əvvəldə qeyd etdiyim kimi, yay kampaniyası uğurla başa çatdı, iş Azərbaycanın Dağlıq Qarabağ üzərində tam hakimiyyətinin saxlanılması və Dağlıq Qarabağa şərti muxtariyyət verilməsilə sülh danışıqlarının başlanmasına gəlib çıxdı. Amma söhbət hərbi birləşmə komandiri olan Surət Hüseynovun məsuliyyəti altında olan zolağa gələndə, o, danışıqları rədd etməyə və göstərişləri yerinə yetirməkdən imtina etməyə başladı. Bəyan etdi ki, Qarabağda bircə nəfər belə, erməninin qalması ilə barışmaq fikrində deyil. O, müharibənin bu nəticə ilə başa çatdırılmasına qəti şəkildə razı olmayacağını bildirirdi. Amma onun bu davranışlarını anlamaq çətin deyildi. Çünki Surət Hüseynov artıq çoxdan idi ki, tək deyildi, onun ətrafında “özümüzünkü”lərdən və özgələrdən olan çoxsaylı məsləhətçilər var idi.
Mən bir hərbçi olaraq, bir mühüm detalı qeyd edə bilərəm ki, həmin vaxt həmin şərtlər çərçivəsində o müharibəni davam etdirməyə heç bir ehtiyac yox idi…
(ardı var)