Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə prosesinin vaxtı məlum olub.
A. Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası sentyabrın 20-nə təyin edilib. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Sabiq rəis qanunsuz azadlıqdan məhrum etmə, mənimsəmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, qanunsuz silah əldə etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə və səlahiyyət həddini aşmada günahlandırılır. Digər 4 nəfər də quldurluq, mənimsəmə və daha bir neçə ağır cinayətdə ittiham edilir.
A. Çovdarov və digərləri ötən il noyabrında həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir. (apa)



