“Azərbaycanda məhkəmələr erməniyə göstərdiyi humanizmi öz vətəndaşına qıymır” VİDEO

Rufet seferÜsyankar müstəntiq Rüfət Səfərova 10 il həbs cəzası istənildi; onun vəkilinə çıxışa hazırlaşmaq üçün bir gün də vaxt verilmədi

Ölkədəki insan haqlarının pozulmasına, prokurorluqdakı qanunsuzluqlara etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş müstəntiq Rüfət Səfərovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə sentyabrın 7-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Asim Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.
Bundan dərhal sonra çıxış üçün söz prokurora verilib və o da Rüfət Səfərova qarşı ittihamın məhkəmədə sübuta yetirildiyini iddia edərək, ona 10 il həbs cəzası istəyib.
Prokurorun bu cür çıxışından sonra Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Amma hakim Asim Hacıyev vəkilə çıxışa hazırlaşmaq üçün vaxt verməkdən imtina edib. Prokurorun çıxışı zamanı artıq məhkəmənin iş saatı başa çatmışdı, buna baxmayaraq, məhkəmə prosesi davam etdirilirdi. Hakim vəkilin çıxış etməsi üçün növbəti iclası isə sentyabrın 8-i, saat 09.30-a təyin edib. Başqa sözlə, hakim vəkilə çıxışa hazırlaşmaq üçün heç bir gün də vaxt vermək istəməyib. Vəkilin etirazları da heç bir nəticə verməyib.
Bu məhkəmə iclasında bir sıra başqa maraqlı məqamlar da baş verib. Məsələn, şahid qismində ifadə verən Babək Hacıyev bildirib ki, şəxsi təsərrüfatı ilə məşğul olub. Xırda buynuzlu heyvanlara vaksin vurulmaması səbəbindən xəstəlik tutub, ona görə də Zərdab rayonunun baytarlıq idarəsindən şikayət edib. Rüfət Səfərov müstəntiq kimi onu qəbul edib, bildirib ki, şikayəti araşdırıb tədbir görüləcək. Əgər şikayət təsdiqini tapsa, ona dəyən zərər ödəniləcək. Bir neçə aydan sonra Zərdab rayon prokurorluğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar gəlib. Bundan sonra o, yuxarı instansiyalara şikayətlərini davam etdirsə də, nəticə dəyişməyib. Yəni Rüfət Səfərovun qəbul etdiyi qərar qüvvəsində qalıb.
Onun istintaqa ifadəsində yazılıb ki, baytarlıq idarəsinin rəhbərinin Rüfət Səfərova rüşvət verməsindən məlumatı olub. Şahidə həmin ifadəni xatırladanda bildirib ki, istintaqa ifadəsini müstəntiq yazıb, o da oxumadan imzalayıb: “Adamın Allahı var mən necə olmayan şeyi deyim?”
Daha sonra Baytarlıq İdarəsinin əməkdaşı Şaiq Əliyev ifadə verib. Bildirib ki,ondan şikayət olunduğu üçün prokurorluğa çağrılıb və ifadəsini verib. Dediyinə görə, sonradan idarə rəisinin müstəntiqə 400-500 manat verdiyini eşidib.
Vəkil Bəhruz Bayramov bildirib ki, bu şəxs bilavasitə hadisəyə şahid olmayıb. Üstəlik, o, idarə rəisi Mənsum Pənahovdan asılı işçidi. Ona görə də vəkil bu şəxsin adının şahidlər, ifadəsinin də sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.
Hakimlər vəsatəti baxılmamış saxlayıb.
Bundan sonra digər şahidlər gəlmədiyi üçün prosesdə fasilə elan olunub. Bu zaman məlum olub ki, istintaqa ifadəsindən imtina etmiş şahid Babək Hacıyevi yarı yoldan geri qaytarıb, məhkəmədə ona təzyiq edirlər. Onu məhkəmə binasında nəzarət altında saxlayıblar. Fasilədən sonra ortaya bir ərizə “çıxıb”. İddia olunub ki, sən demə, işin içində Babək Hacıyevin istintaqdakı ifadəsini təqdiqləməsi barədə ərizəsi var.
R.Səfərovun vəkili Bəhruz Bayramov buna etiraz edib və şahid B.Hacıyevin yoldan qaytarıldığını, ona hədə-qorxu gələrək, istintaqa ifadəsini təsdiqləməsi barədə ərizə alındığını bildirib. Vəkil buna görə Asim Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib: “Belə çıxır ki, biz tək bir dövlət ittihamçısı ilə yox, dörd ittihamçı ilə mübarizə aparmalı oluruq. Bu cür yanaşma bəri başdan obyektiv, ədalətli qərar çıxarılmayacağının göstəricisidir”.
Lakin etiraz qəbul olunmayıb.
Bundan sonra hakim Asim Hacıyev məhkəmə istintaqının yekunlaşdığını elan edib və prokuror çıxış edib. Ardınca da Bəhruz Bayramovun etirazlarına baxmayaraq, növbəti məhkəmə iclasını 8 sentyabra təyin edib.
Bəhruz Bayramov “Azadlıq”a açıqlamasında baş verənləri Rüfət Səfərova qarşı kobud qanun pozuntusu, özbaşınalıq kimi qiymətləndirib. Vəkil deyir ki, Azərbaycan məhkəmələri erməniyə göstərdikləri humanizmi öz vətəndaşlarına qıymır: “Qanunda da göstərilib ki, müdafiə çıxışına, son sözə hazırlaşmaq üçün ağlabatan müddət verilməlidir. Məhkəmənin bu cür davranışı Rüfət Səfərovu müdafiə hüququndan məhrum eləmək deməkdir. Bu gün məhkəmə axşam saat 7-yə işləmiş bitib, biz hələ Lənkəranda qalmağa bir yer axtarırırq, sabah səhər 9-a qədər necə çıxışa hazırlaşım? Belə çıxır ki, Azərbaycanın məhkəmə tarixində ilk dəfə olaraq, müdafiə çıxışı, son söz olmadan, Rüfət Səfərova hökm oxunacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısının işinə baxılır, onun bütün hüquqları qorunur. Ona müdafiə çıxışına, soz sözə hazırlaşması üçün kifayət qədər də vaxt verildi. Rüfət Səfərov o qədər təhlükəli adamdır ki, ona qarşı bu cür davranırlar?”
Xatırladaq ki, Rüfət Səfərov ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib və bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.
Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülərək, həbs olunmuşdu. Bir həftə sonra – yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirini dəyişib və o, ev dustaqlığına buraxılıb.
R.Səfərov ittihamları rədd edir və hökumətin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə siyasi sifarişlə cəzalandırıldığını bildirir.
Onu da qeyd edək ki, R.Səfərov qocaman YAP-ın qurucularından olan keçmiş deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.